AZ

Fransanın hərbi gəmiqayırma şirkəti - “Naval Group” haker hücumunun hədəfinə çevrilib

Paris, 29 iyul, AZƏRTAC

Fransanın aparıcı hərbi gəmiqayırma şirkəti “Naval Group” kiberhücum və məlumat sızması iddiaları ilə gündəmdədir. İyulun 22-dən 23-nə keçən gecə bir neçə haker Teleqram platformasında 1 terabaytlıq məlumatı oğurladıqlarını bəyan ediblər. Artıq bu məlumatlardan 13 geqabaytı iyulun 23-də, daha 6 geqabaytı isə iyulun 25-də internetə sızdırılıb. Hakerlər hərbi gəmiqayırma şirkətini 72 saat ərzində əlaqə qurmağa çağırıb, əks halda qalan sənədləri də yayacaqlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, sızan sənədlərdə FREMM (Çoxməqsədli Fregatlar) və FDI (Müdafiə və Müdaxilə Fregatları) adlı müasir döyüş gəmilərinin Döyüş İdarəetmə Sistemləri (CMS) ilə yanaşı, bəzi proqram təminatı kodlarının da yer aldığı iddia olunur. Lakin “Naval Group”un əməkdaşlarından biri mətbuata bildirib ki, heç bir gizli-müdafiə sənədi internetə düşməyib və məsələ ilə bağlı araşdırma başladılıb.

Şirkət rəsmi açıqlama yayaraq baş verən hadisəni nüfuz hücumu kimi qiymətləndirib. Bildirilib ki, bu hal beynəlxalq və informasiya mühitində gərginliyin artdığı bir vaxtda şirkətin sabitliyini sarsıtmaq məqsədi daşıyır.

“Hazırda komandamız bu məlumatların mənşəyini, doğruluğunu və şirkətimizə aid olub-olmadığını araşdırır. Bu mərhələyə qədər sistemlərimizdə heç bir pozuntu və ya fəaliyyətlərimizə təsir müşahidə edilməyib”, - deyə açıqlamada qeyd olunub.

Hadisə ilə bağlı hüquqi prosedurlar da başlanılıb - şirkət artıq məsələni rəsmi qaydada prokurorluğa təqdim etdiyi şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarının diqqətinə çatdırıb.

2023-cü ildə Fransanın “Naval Group” şirkəti prorus yönümlü “NoName057(16)” adlı haker qrupunun DDoS hücumuna məruz qalmışdı. Ukraynada müharibədən sonra yaradılan bu qrup əsasən Qərb ölkələrindəki şirkətləri hədəf alırdı.

2025-ci ilin iyul ayında isə Paris prokurorluğu, Almaniya polisi və “Europol”un birgə əməkdaşlığı ilə “NoName057(16)” əleyhinə genişmiqyaslı koordinasiyalı əməliyyat keçirildiyi elan olunub. Fransa, Almaniya, İtaliya, Çexiya, Polşa və İspaniyada aparılan 24 reyd nəticəsində 100-dən çox server ələ keçirilib.

Prokurorluğun yaydığı məlumata əsasən, bu haker qrupu 74 minə yaxın kiberhücumun və 4900-dən çox qurbanın məsuliyyətini daşıyır. Onlardan təxminən 200-ü Fransada yerləşən şirkətlərdir.

“Naval Group” 2024-cü ildə 4,3 milyard avroluq rekord sifariş portfeli ilə dünya hərbi gəmiqayırma sektorunda aparıcı mövqedədir. Avstraliyanın AUKUS sazişi ilə Fransanı geri plana atmasına baxmayaraq, şirkət Yunanıstana FDI fregatları sataraq uğur qazanıb və Norveçlə danışıqlar aparır.

Bundan əlavə, 2023-cü ildə şirkət Fransanın növbəti nəsil nüvə sualtı qayığı üçün ilk metal parçaları kəsib. 2028-ci ildən etibarən isə, “Charles de Gaulle” aviadaşıyıcısını əvəz edəcək yeni nəsil təyyarədaşıyan gəminin (PANG) inşasına başlanacaq.

Bu hadisədə maraqlı məqam, heç bir fidyə tələb edilməməsidir. Bu da bəzi mütəxəssisləri, xüsusilə də “Naval Group”un İndoneziya ilə iki “Scorpène” sualtı qayığının satışı üzrə müqavilə imzaladığı bir vaxtda hücumun əsas məqsədinin maliyyə deyil, nüfuz zərbəsi olduğunu düşünməyə vadar edir.

Nəticə etibarilə, bu hadisə kiberhücumların və informasiya müharibəsinin müasir sənaye və müdafiə sektorlarına necə ciddi təsir göstərə biləcəyini bir daha nümayiş etdirir.

Seçilən
42
1
azertag.az

2Mənbələr