ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Rusiyada yaşayan Azərbaycan türkləri və digər türkdilli etnoslar müasir Rusiya dövlətinin ən qədim avtoxton (yerli) xalqlarıdır. Bu etnoslar Rusiya Federasiyasının bir sıra subyektlərinin konstitusiyalarında təsbit olunmuş dövlətqurucu xalqlardır. Etnik mənsubiyyət heç bir halda ayrı-seçkiliyin, o cümlədən vətəndaşlıqdan məhrum etmənin səbəbi və ya bəhanəsi ola bilməz. Vətəndaşın etnik mənsubiyyətinə görə günahsızlıq prezumpsiyasının pozulması Rusiya Federasiyası Cinayət Məcəlləsinin və beynəlxalq öhdəliklərin pozulmasıdır. Dövlət və ya ictimai strukturların birbaşa və ya dolayısı ilə konstitusiyaya zidd, millətlərarası anlaşma və sabitliyi pozmağa yönəlmiş hərəkətləri təşviq etməsi və ya göz yumması cinayətdir".
Bu fikirləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O, sadalanan hərəkətlərin Rusiya qanunvericiliyinə əsasən ən ağır cinayətlər hesab olunduğunu nəzərə alaraq təkliflər irəli sürüb:
"Hakimiyyət nümayəndələri və ya ayrı-ayrı vətəndaş qrupları tərəfindən həyata keçirilən qanunsuz hərəkətlərin video ilə qeydə alınması praktikasının geniş tətbiq edilməli, diaspor təşkilatları bu cür materialların toplanmasında yardım göstərməli və onlar sonradan məhkəmələrə, hüquq-mühafizə orqanlarına, prokurorluğa və KİV-ə təqdim olunmalı; səfirlik və konsulluq nümayəndəlikləri konsul dairələrində yaşayan vətəndaşlarla qarşılıqlı əlaqəni gücləndirməli, onların qanuni hüquqlarını qorumağa yönəlmiş fəaliyyətlərini artırmalıdırlar.
Hesab edirəm ki, Rusiyanın bəzi KİV-ində səslənən təxribat xarakterli, millətçi və şovinist anti-Azərbaycan bəyanatlarına ictimaiyyətimizin reaksiyası qarşı tərəfə xalqımıza məxsus olan normalara və ənənələrə uyğun şəkildə çatdırılmalıdır".
Fikirlərini Oxu.Az-a əsaslandıran keçmiş diplomat əlavə edib ki, həm soydaşlarımıza, həm də qeyri-millətlərə qarşı baş verən cinayət xarakterli əməllər cavabsız qalmamalıdır:
"Çünki bu, ilk növbədə, Rusiya qanunlarına ziddir. Bu təkliflər hüquqi formada mübarizə aparmaq üçün ən düzgün vasitədir. Onları ifşa etmək, diaspor təşkilatları nəzdində hüquqi yardım formasında cinayət xarakterli əməlləri məhkəmə səviyyəsinə çıxarmaq, geniş şəkildə işıqlandırmaq, digər etnik xalqlarla əməkdaşlıq qurmaq lazımdır.
Məlumdur ki, bir çox ölkələrin nümayəndələri də bu cür təzyiqlərə məruz qalırlar. Özbəklər, taciklər, qırğızlar buna nümunədir. Onlarla koordinasiyalı iş quraraq bu mübarizəyə töhfə vermək olar. Burada əsas məsələ ondan ibarətdir ki, Rusiya çoxmillətli dövlətdir və yerli xalqlara qarşı bu addımların atılması Rusiyanın dağılmasına gətirib çıxaran proseslərdir. Məsələn, Dağıstan Respublikası federal subyektdir, əhalisinin əsas millətlərindən biri azərbaycanlılardır. Dərbənd Rusiyanın ən qədim şəhəridir. Bütün bunlara rəğmən, Rusiyada yaşayan azərbaycanlıları "getməyə" çağırmaq ziddiyyətlidir. Bu ziddiyyətləri ifşa etmək lazımdır. Bizim ictimaiyyət, ziyalılarımız da haqlı olduğumuzu nəzərə alaraq müvafiq cavab verməlidirlər. Bu, ən effektiv mübarizə üsuludur".
Müsahibimiz əlavə edib ki, beynəlxalq hüququn norma və prinsipləri ilə də bu məsələni ictimailəşdirib nəticə əldə etmək mümkündür:
"Lakin bir məsələ var, mənə də deyirlər ki, normal, sivil ölkədə bu cür addımlar nəticə verir, amma Rusiyada bunun təsiri olmayacaq. Lakin Rusiyanın da beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəlikləri var, müxtəlif konvensiyaların üzvləridir. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsi hər kəsin vətəndaşlıqdan məhrum edilməmək hüququnu tanıyır. Rusiya da bu bəyannaməni qəbul edir. Deməli, Rusiyanın bəyannaməyə zidd addımları dolayısı ilə beynəlxalq hüquqla götürdüyü öhdəliklərə ziddir. Ona görə də bizim diaspor təşkilatları buna uyğun olaraq məhkəmələrdə iddialar qaldırmalıdırlar. Yaxud elə şəxslər var ki, onların Rusiyaya girişinə qadağa qoyulub. Bu qərarlara məhkəmələrdə yenidən baxıla və qərarlar ləğv edilə bilər".
"Düzdür, təklif etdiyim üsullar asan deyil, amma soydaşlarımız bu yolla öz siyasi iradələrini, hüquqlarını nümayiş etdirə bilərlər. Çünki Rusiyadakı azərbaycanlılar siyasi, iqtisadi baxımdan çox fəaldırlar", - deyə T.Zülfüqarov fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.