AZ

Tramp 12 gün ərzində Putini "pis vuracaq"...


Tural İsmayılov: “Bu bəyanat Trampın Putinə qarşı səbrinin tükəndiyini və daha konkret nəticələr tələb etdiyini göstərir”

ABŞ prezidenti Donald Tramp Rusiyaya verdiyi 50 günlük möhlətlə bağlı yeni açıqlama verib.

Tramp Ukraynada sülh prosesi ilə bağlı Rusiyaya verdiyi 50 günlük müddətin artıq etibarlı olmadığını açıqlayıb və bu müddəti 10-12 günə qısaltdığını bəyan edib.

“Mən yeni bir müddət təyin edəcəm - bu gündən etibarən 10 və ya 12 gün. 50 gün gözləməyin mənası yoxdur. Mən səxavətli olmaq istərdim, amma heç bir irəliləyiş görmürük" – deyə Tramp Şotlandiyada Böyük Britaniyanın baş naziri Keir Starmer ilə görüşdən sonra açıqlamasında bildirib.

Jurnalistlərin Putinlə təkbətək görüşün mümkünlüyü ilə bağlı sualını cavablandıran Tramp deyib ki, artıq Putinlə danışmaq ona o qədər də maraqlı deyil.

“O, belə gözəl söhbətlər edir, gözəl müzakirə aparır. Növbəti gecə hansısa şəhərə bir raketin atılması nəticəsində insanlar ölürlər”, - deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya daha əvvəl verdiyi 50 günlük müddətin qısaldılacağını açıqlamışdı: “Mən 50 günü qısaldacağam, çünki düşünürəm ki, cavabı və nə baş verəcəyini artıq bilirəm”.

Rusiya prezidenti Putindən məyus olduğunu ifadə edən Tramp əlavə edib: “Mən prezident Putindən çox ciddi şəkildə məyus oldum”.

Rusiya ordusunun Ukraynaya hücumlarını davam etdirməsini tənqid edən Tramp, buna görə də müddəti qısaldacağını bildirib.

Xatırladaq ki, Tramp iyulun 14-də Moskvaya sərt xəbərdarlıq edərək, Ukrayna ilə 50 gün ərzində atəşkəs razılaşması əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarından gələn mallara 100 faizlik gömrük rüsumu tətbiq ediləcəyini açıqlamışdı. O, həmçinin NATO müttəfiqlərinin də töhfəsi ilə Kiyevə silah daşınmasının bərpa ediləcəyini vəd edib.

Tramp Rusiyanı deyəsən 50 gündən tez vura bilər.

Bu barədə ekspert nə deyir?

“Qısaldılmış vaxt çərçivəsi eyni zamanda beynəlxalq maliyyə bazarlarında da təlatüm yaradıb”

Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya daha əvvəl verdiyi 50 günlük müddəti qısaldacağını açıqlaması beynəlxalq diplomatiyada ciddi rezonans doğurub: “Bu bəyanat Trampın Putinə qarşı səbrinin tükəndiyini və daha konkret nəticələr tələb etdiyini göstərir. Trampın bu dəfə sadəcə çağırış etməsi yox, konkret tarix aralığını azaltması onun ultimativ diplomatiyasının yeni mərhələyə keçdiyini sübut edir. Ukrayna tərəfi bu bəyanatı alqışlayır və ABŞ-ın siyasi iradəsinin müharibənin dayandırılmasında mühüm təsir gücünə malik olduğunu düşünür. Rusiya tərəfi isə hələlik susqunluq nümayiş etdirir, bu da Kremlin çaşqın olduğunu göstərir. Moskva bir tərəfdən Trampın təzyiqlərinə reaksiya verməyə məcburdur, digər tərəfdən isə daxildə kompromisə meylli deyil. Qısaldılmış vaxt çərçivəsi eyni zamanda beynəlxalq maliyyə bazarlarında da təlatüm yaradıb, Rusiya birjalarında 1.8 faizlik geriləmə qeydə alınıb”. T.İsmayılov qeyd etdi ki, Trampın Şotlandiyada verdiyi bu bəyanat Avropa diplomatiyasını da hərəkətə keçirib. “İndi gözlənilir ki, Brüssel və Berlin də Vaşinqtonun təzyiqlərini dəstəkləsin.Onun “müharibəni 100 günə bitirəcəyik” vədi artıq operativ icra planı ilə müşayiət olunur. Vaxtın qısaldılması isə onun kompromiss deyil, nəticə yönümlü siyasət aparmaq istədiyini göstərir. Hərbi-siyasi balanslar növbəti günlərdə kəskin dəyişə bilər. Rusiya bu təzyiqi görməzliyə vurarsa, bu onun beynəlxalq təcridini daha da dərinləşdirə bilər. Tramp açıq şəkildə bildirir ki, “artıq gözləməyə səbəb yoxdur”. Bu, həmçinin Avropa üçün də xəbərdarlıqdır – passiv mövqe yolverilməzdir. Ukrayna üçün isə bu, danışıqlar masasındakı güc balansının dəyişməsi deməkdir. ABŞ bu dəfə sanksiya ilə deyil, zamanla oynayır. Tramp siyasi ritorikasını diplomatik təzyiqlə birləşdirərək Putinə qarşı psixoloji üstünlük qurmaq istəyir. Əgər bu müddətdə atəşkəs və ya danışıqlarda irəliləyiş baş verməzsə, Trampın növbəti addımı daha sərt ola bilər. Bu açıqlama dünya siyasətində yeni bir təzyiq mərhələsinin başlandığının göstəricisidir”-deyə T.İsmayılov qeyd etdi.

İradə SARIYEVA

Seçilən
60
50
baki-xeber.com

10Mənbələr