ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Həmsöhbətim uşaqlıqdan bəri izlədiyim və çox sevdiyim, Türkiyənin məşhur "Qurdlar vadisi" serialındakı Güllü (Erhan) obrazının ifaçısı aktyor Erhan Ufakdır. Erhan Ufak diqqətimi həm də Azərbaycanda fəaliyyət göstərməsi, ölkəmizi çox sevməsi, Bakıda yaratdığı Türk Sənət Akademiyası kimi uğurlu layihənin bir parçası olması ilə cəlb etmişdi. Elə bu nüanslar da ondan müsahibə almaq qərarıma böyük təkan verdi.
Beləliklə, aktyor Erhan Ufak ilə söhbəti oxuculara təqdim edirəm.
- Erhan bəy, siz daha çox məşhur "Qurdlar vadisi" serialı ilə tanındınız. Bu serialda yer almaq sizin üçün nə ifadə edir?
- "Qurdlar vadisi" kimi layihənin bir parçası olmaq mənim üçün qürurvericidir. Hər mənada çox gözəl bir layihə idi - ssenarisi, aktyor heyəti, mövzusu ilə... İnsanlar bu serialı çox sevdilər, obrazları, ssenarinin gedişatını, hadisələri bütünlüklə mənimsədilər. Həm də bu serial təkcə Türkiyədə sevilmədi, dünyanın yüzə yaxın ölkəsində nümayiş olundu. Nə yaxşı ki, "Qurdlar vadisi" serialında mən də rol aldım.
- Sizcə, bu serialın uğurunun səbəbi nə idi - ssenari, yoxsa aktyorların bu qədər dəqiq seçilməsi?
- Dediklərinizin hər ikisi bu serialda var idi - həm aktyorların seçimi, həm də ssenarinin peşəkarlıqla yazılması. Bundan əlavə, büdcə də kifayət qədər idi, insanlar böyük dəstək verirdilər. Bu isə çox böyük bir layihənin ərsəyə gətirilməsinə səbəb oldu. Belə layihələr sadəcə bir nəfərlə olmur. Ssenarini, aktyorları, texniki heyətin peşəkarlığını ayrı-ayrılıqda qiymətləndirmək lazımdır. Onların hər biri ayrı-ayrılıqda bütöv bir ailənin hissələri idilər.
- "Qurtlar vadisi" serialına çəkilən aktyorlardan bir çoxunu daha sonra başqa seriallarda da görə bildik. Siz niyə görünmədiniz?
- Bizim hələ də "Pana Film" ilə olan bir razılaşmamız var. Ona görə də seriallarda çəkilə bilmirik. Sonra xüsusi tələblərimizə əsasən, bir az güzəşt oldu. Reklamlarımız yayımlanır, filmlərə çəkilmək açıqdır, amma seriallar hələlik açıq deyil. Bu ilin sonunda o razılaşma artıq bitir. Təkliflər isə çox olur - böyük layihələrdən, çox böyük insanlardan saysız təkliflər gəlir.
- Aktyor olmaq hansı yaşda aldığınız qərar idi və özünüzdəki bu istedadı nə vaxt kəşf etmişdiniz?
- Əslində kamera qarşısındakı aktyorluğum birdən yarandı. Yeri gəlmişkən, "Pana Film" bizim ailə şirkətimiz idi. Texniki heyət olaraq "Pana"nın arxa hissəsində işləyirdim. Gördüyüm işlə əlaqədar onlara dəstək olurdum. Sonra bir də baxdım ki, artıq kameranın qarşısındayam. Və bundan çox böyük həzz aldım. Ona görə də təhsil almağa başladım. Aktyorluqla əlaqəli təhsil aldım. Sonra bu işi sevdim və davam etdim, ssenari müəllifliyi, kamera qarşısında aktyorluq üzrə, eləcə də müəllim olaraq da təhsil aldım. Bu, xoşuma gəldi. İnsanlara yön verməyi, onlara nələrisə izah etməyi çox sevdim və hələ də buna davam edirəm.
- Karyeranızda ilk dəfə belə bir uğurlu layihənin parçası olmaq, yəqin ki, həyəcanlı idi.
- İlk vaxtlar ayaq dırnağımdan saç telimə qədər həyəcanlanırdım. Ekranda görünməsə də, çox həyəcanlanırdım. Bədənim titrəyirdi, çənəm əsirdi. Ancaq sonra hər şey düzəldi. İlk günkü həyəcan isə hələ də var. Mənə deyirdilər ki, bu qədər yüksək həyəcan keçirmə...
- "Qurdlar vadisi" layihəsində birlikdə olduğunuz insanlarla əlaqələriniz hələ də davam edirmi?
- Təbii ki, hələ də davam edir. Telefonla danışıram və bəzən onları Azərbaycana dəvət edirəm. İnşallah, yaxın zamanlarda buraya da gələrlər. Həmçinin, mən də İstanbula gedəndə uyğun olduqları təqdirdə onlarla görüşürəm.
- "Qurdlar vadisi"ndə çəkildiyiniz aktyorlarla yenidən hansısa film çəkmək heç ağlınızdan keçibmi bu vaxta qədər?
- Bəli, bu haqda düşündük, amma reallaşmadı. Maddi və mənəvi bir çox səbəblər istəyimizin gerçəkləşməsinə imkan vermədi. Əslində yaxşı ssenari olsa, niyə olmasın ki? Əsas odur ki, ortaya yaxşı ssenari qoyulsun. Bəzən ssenarilərə baxıram, görürəm ki, çox adidir, bu səbəbdən də çoxunu geri çevirirəm. Hətta aktyor heyətinə də baxıram, çox tanınmış insanlardır, amma buna baxmayaraq, ssenari çox zəifdir. Ona görə də belə layihələrdən qaçıram.
- "Qurdlar vadisi" serialından səhnə arxası yaddaqalan və bizimlə paylaşmaq istədiyiniz xatirələriniz var?
- Bizim səhnə arxasında olanlar heç vaxt nə çəkilib, nə də yayımlanıb. Kameranın qarşısındakı dünyanı xilas edən ciddi personajlar kamera arxasında qəhqəhə çəkər, fərqli söhbətlər edərdilər. O günlərimiz üçün çox darıxıram. Bir də ağlımda qalan bir xala var. O vaxtlar "Pana Film"ə gəlmişdi və məni soruşmuşdu: Erhan oğlum haradadır? - demişdi. Soruşublar ki, bəs siz Erhanın nəyisiniz? O isə cavabında bildirib ki, mən onun anasıyam, ona bir hədiyyə gətirmişəm. Mən həmin vaxt çəkilişdə idim, nə isə, icazə aldım ki, gedim o xalaya baxım. Getdim gördüm, dedim ki, məni soruşmusunuz. Dedi bəli, sən hər həftə mənim evimdəsən, gəlirsən, gedirsən, sən məni necə tanımazsan? Dedim, xala, mən sizi həqiqətən tanımıram. Dedi ki, mənim üç övladım var, dördüncüsü də sənsən. Serialı o qədər mənimsəmişdi, deyirdi ki, hər həftə cümə axşamı sən bizdəsən. Mənə bir sviter hörmüşdü. Çox xoşuma gəlmişdi. O sviteri hələ də saxlayıram. Türkiyəyə gedəndə mütləq birinci onun evinə gedib ziyarət edirəm. Deyirəm, ana, mən gəldim. Çox fərqli bir hissdir...
- Azərbaycanda fəaliyyət göstərməyiniz diqqətimi çox çəkdi. Karyeranıza nə üçün burada davam etdirmək istədiniz?
- Mən Türkiyədə Sənət Akademiyası yaratmışdım. Akademiyaya gələn tələbələrin yetmiş faizi azərbaycanlı gənclər idilər. Onları izləməyə başlayanda gördüm ki, çox istedadlı gənclərdir. Kimi rejissorluq, kimi aktyorluq, kimi isə şəxsi inkişafla bağlı təhsil almağa gəlirdi. Onları izləyərkən bu məqam diqqətimi çəkdi - gördüm ki, bu gənclər bir-iki aydan sonra yoxa çıxırlar. Araşdıranda məlum oldu ki, kiminin maddi gücü çatmır, kimi yaşayış icazəsinə görə qala bilmir və buna görə də təhsili yarımçıq qoyub gedirlər. Buna görə də qərara gəldim ki, əgər onlar Türkiyəyə gələ bilmirlərsə, biz Aəzrbaycana gedək, orada öz məktəbimizi açaq. Dedik ki, siz gələ bilmirsinizsə, biz gələrik. Bir həftə, on gün burada dolaşıb araşdırma apardıq və gördük ki, burada akademiyaya həqiqətən ehtiyac var. Amma belə bir riskimiz də vardı: bizdən əvvəl buraya gələn insanlar dələduzluq edib aradan çıxmışdılar. Əslində bu, çox riskli bir iş idi. Amma mən mübarizəni sevirəm. Burada akademiyanı qurdum və tələbələr gəlməyə başladılar. Sonra ailəmi də buraya gətirdim. Onsuz da işimlə bağlı tez-tez gedib-gəlirdim. Düşündüm ki, bura həm güvənli, həm də sevdiyimiz bir yerdir. Azərbaycan mənim üçün çox özəl bir ölkədir, uşaqlığımdan bəri bu belədir. Bizim evimizdə iki bayraq asılmışdı - biri Türkiyənin, digəri isə Azərbaycanın bayrağı. Rəhmətlik atamdan soruşardım ki, o qədər türk dövlətləri olduğu halda, niyə məhz Azərbaycan? Amma heç zaman niyəsini mənə tam olaraq açıqlamadı. Azərbaycan mənim üçün hər mənada özəldir. Buna görə də akademiyanı burada açdım. Artıq dörd ildir ki, Azərbaycanda yaşayıram və həyatıma burada davam etmək istəyirəm.
- Artıq neçə ildir Azərbaycanda fəaliyyətdəsiniz. Yəqin ki, bu müddətdə bir çox şeylərin şahidi olmusunuz. Fəaliyyət göstərdiyiniz sahədə dəyişmək istədiyiniz nəsə varmı?
- Əlbəttə, həm Türkiyədə, həm də burada var. Kino sahəsində istedadlı, qızıl kimi, əllərində həyata keçirmək istədikləri layihələr olan gənclər var. Deyim ki, Türkiyə bu mövzuda öndədir. Türkiyədə ehtiyacı olan istedadlı insanların əlindən tutar, onlara dəstək olarlar. Çox istərdim ki, burada da belə istedadlı gənclərə dəstək duran, onların ümid yeri olan insanlar olsun. Məsələn, mən burada bir layihə üzərində işləyirəm və kənardan dəstəyə ehtiyacım var. Kimin üçündür bu dəstək? Tamamilə gənclərimiz ilə bağlıdır ki, onlar bir az daha üst səviyyəyə qalxsınlar. Çox arzu edərdim ki, gənclərə dəstək verilsin. Dəstək olsa, Azərbaycanın gəncləri də yüksəlmiş olacaqlar. Burada çox isdedalı aktyorlar, rejissorlar, ağlasığmaz dərəcədə mükəmməl montaj heyəti var. Amma o insanlara yardım göstərilməlidir ki, onlar inkişaf etsinlər.
- Dediniz ki, 4 ildir Azərbaycanda yaşayırsınız. Öz övladlarınızın burada aldıqları təhsildən razısınızmı?
- Bəli, çox razıyam. Burada türk məktəbində təhsil alırlar. Qızım yeddi, oğlum isə doqquz yaşındadır. Onlar Türk Anadolu Liseyində təhsil alırlar. Buradakı təhsil ilə Türkiyədəki təhsil bir az fərqlidir. Xüsusilə uşaq qruplarında uşaqların boş vaxtı olmur. Hər zaman bir məşğuliyyətləri var. Məsələn, biri pianoda ifa edir, digəri başqa bir işə yönləndrililir. Bu səbəbdən də, övladlarımın burada təhsil almaqlarını uyğun gördüm.
- Burada insanların münasibəti necədir sizə?
- Burada heç zaman özümə qarşı bir soyuqluq görmədim. Daha çox sevgi gördüm. Getdiyim hər yerdə, çox sağ olsunlar, var olsunlar, sözün əsl mənasında məni əl üstündə tuturlar.
- Gələcəkdə Türkiyə-Azərbaycan birliyini əks etdirən film, ya serial çəkməyi düşünürsünüzmü?
- Əlbəttə ki, düşünürəm. Hazırda bu iş üzərində işləyirəm də. Bir neçə iş var. Yavaş-yavaş başlayacağıq. Çox böyük büdcəsi olmayan, ancaq hansısa bir məna ifadə edən, gözəl səs sala biləcək bir ssenari hazırlayıram. Türkiyə və Azərbaycan arasında keçən bir hekayə kimi. Qısa bir film olacaq yəqin ki.
- Siz özünüz də rol alacaqsınızmı?
- Məni seçərlərsə, rolumu oynayaram (gülür). Soruşaram, məni istəsələr, rol alaram.
- Ailənizdə sizdən başqa aktyor varmı?
- Xeyr. Ailəmizdə aktyor təkcə mənəm. Digər ailə üzvlərim kamera arxasında fəaliyyət göstərirlər. Ailə dedikdə "Pana Film" sektorundan bəhs edirəm. Necati Şaşmaz ilə qohumluğum var. Cahid mənim süd qardaşımdır.
- Mənim suallarım bu qədərdir. Sonda əlavə demək istədiyiniuz bir sözünüz varsa, buyurun.
- Əvvəldə də dedim, Azərbaycanda istedadlı gənclər çoxdur, amma gənclər nə qədər istedadlı olsalar da, mütləq təhsil alsınlar. Həm də bu, təkcə bizimlə, bizim akademiya ilə əlaqəli deyil. Mütləq təhsil alsınlar ki, özlərini bir pillə yuxarı qaldırsınlar. Özlərinə yatırım etsinlər, hansı mövzuda çatışmazlıqları varsa, onu tamamlasınlar. Əgər kompüterləri yoxdursa, onu alsınlar, dil bilgiləri zəifdirsə, təkmilləşdirsinlər, sənətlə məşğuldurlarsa, bilik mədəniyyəti qazansınlar. Bir sözlə, özlərini inkişaf etdirsinlər, öz üzərlərində işləsinlər. Gənclərə tövsiyəm budur.
Son olaraq əlavəm bu ola bilər ki, akdemiya olaraq burada dörd il birgə keçirdiyimiz zaman var və fəaliyyətimiz davam edir. Hazırda isə son sinifimizdən sonra qəbul prosesini dayandıracağıq. Sentyabrdakı qəbul prosesinə yeni bir konsepsiya ilə gənclərin qarşısına çıxacağıq. Mənim Erhan Ufak olaraq bir aktyor kimliyim var. Amma onun xaricində başqa bir biznesin içində də varam və tam fəaliyyətə bu aylardan etibarən başlayacağam. Kamera mühafizə xidməti ilə bağlı da bir layihəmiz var. Yavaş-yavaş bunu da insanlara tanıtmaq istəyirik. Bu da o deməkdir ki, mən uzun müddət Azərbaycanda yaşayacağam. İstədim ki, təkcə akademiya ilə, sənətlə yox, digər sektorlarda da fəaliyyət göstərim ki, bir ayağım burada - sevdiyim yerdə olsun. Hamınızı çox sevirəm!
Aynur ƏDİL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.