AZ

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 29-da davam etdirilib.

Aznews.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs İsa Kəlbiyevin hüquqi varisi - atası Rəhim Kəlbiyev ifadəsində övladının Kəlbəcər rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Zərərçəkmiş şəxs Məhəmməd Xəlilinin hüquqi varisi - atası İlqar Xəlilov övladının Xocavənddə düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu söyləyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs Kamran İsgəndərli Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış artilleriya mərmisinin yaxınlığında partlaması nəticəsində xəsarət aldığını deyib. O bildirib ki, hadisə zamanı daha üç nəfər həlak olub, yeddi nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Əlifəndi Fərziyev Xocalıda atılmış artilleriya mərmisinin partlaması nəticəsində xəsarətlər aldığını qeyd edib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Elgün Məmmədli Laçında Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. O əlavə edib ki, ayağından yaralanıb və qapalı kəllə-beyin travması alıb.

Elçin İsmayılov ifadəsində düşmənin odlu silahdan açdığı atəşlər nəticəsində yaralandığını bildirib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Nadir Rzayev Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Seçilən
13
38
aznews.az

10Mənbələr