Azərbaycanda yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə mühüm çağırış edib. İdarənin apardığı müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat hadisələrinin baş verməsində ayaqqabı seçiminin də rolu var. Bu xəbərdarlıq, xüsusilə də uyğun olmayan ayaqqabıların pedallar üzərində nəzarəti zəiflətməsi və beləliklə qəza riskini artırması ilə bağlıdır.
Nəqliyyat eksperti Eldəniz Cəfərov məsələ ilə bağlı bildirib ki, qanunvericilikdə sürücülərin ayaqqabı və geyimi ilə bağlı heç bir konkret məhdudiyyət yoxdur:
“Yol hərəkəti qaydalarında və digər normativ sənədlərdə sürücülərin hansı ayaqqabını geyinməli olduğu barədə hər hansı bir qeyd yoxdur. Geyim və ayaqqabı seçimi birbaşa sürücünün şəxsi qərarıdır. Ona görə də avtomobil idarə edən şəxs istədiyi ayaqqabı və geyimi seçməkdə tam sərbəstdir”.
Ekspertin sözlərinə görə, bu məsələdə hüquqi məcburiyyət olmasa da, təhlükəsizlik baxımından sürücülərin məsuliyyətli davranması vacibdir:
“Bəzi ayaqqabı növləri, məsələn, şlapa, hündür daban və ya sərt altlıqlı ayaqqabılar pedalların idarəsində problemlər yarada bilər. Qanun buna qadağa qoymasa da, təhlükəsiz sürücülük baxımından düzgün seçim etmək önəmlidir”.
Eldəniz Cəfərov əlavə edib ki, yol hərəkətində təhlükəsizlik yalnız yol qaydalarına riayət etməklə deyil, həm də sürücünün fiziki rahatlığı və idarəetmə qabiliyyəti ilə bağlıdır.(Yenisabah.az)
Poliqon.info