Milli Məclisin sədri Sahibə Qafarova İsveçrəyə işgüzar səfəri çərçivəsində Cenevrədə Braziliya Federativ Respublikası Deputatlar Palatasının sədri Huqo Motta ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında coğrafi uzaqlığa baxmayaraq, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələrin daha da genişləndirilməsi üçün imkanlar mövcud olduğu qeyd edilib. 2023-cü ildə ölkələrarası diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün tamam olduğu xatırlanaraq, yüksəksəviyyəli əlaqələr fonunda parlamentlərimiz arasında da yaxşı münasibətlərin mövcud olduğu vurğulanıb.
Söhbət zamanı Parlament Sədrlərinin VI Dünya Konfransının qanunverici orqanlar arasında ortaq maraqlar üzrə fikir mübadiləsi aparmaq baxımından mühüm bir platforma olduğu qeyd edilib. Hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları arasında mövcud olan sıx təmaslardan məmnunluq ifadə edilib. Eyni zamanda, keçirilən görüşlərin və aparılan siyasi dialoqun parlamentlərarası münasibətlərin daha da dərinləşməsinə xidmət etdiyi bildirilib.
COP30-un Braziliyada keçiriləcəyi xatırladılaraq, Azərbaycanın ötən il COP29-a uğurla evsahibliyi etdiyi vurğulanıb. Braziliyada COP30 çərçivəsində keçiriləcək Parlament konfransının təşkili ilə bağlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparılıb.
***
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 29-da Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclasında iştirak edib.
Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson iclasın gündəliyi haqqında məlumat verib. Qeyd olunub ki, konfransa ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən 102 ölkənin parlament sədrləri qatılıblar.
Tədbirdə Konfransa hazırlıqla bağlı görülən işlər, Komitənin sonuncu iclasının hesabatı, Dünya Konfransının yekun sənədinin qəbul olunması və digər təşkilati məsələlər haqqında fikir mübadiləsi aparılıb.
XQ