AZ

Cehiz üstündə ölüb-öldürürlər - bu adət də əcaibləşdirilib...


“Qız beşikdə, cehiz eşikdə" atalar sözünü, güman ki, çoxunuz eşitmisiniz. Elə valideynlər var ki, bu məsələ sözün əsl mənasında tam əməl edir, hətta qız övladı doğulmamışdan öncə ona cehiz tutmağa başlayır. Elə valideynlər də var ki, bu işi son ana saxlayır, toydan bir neçə ay sonra bu məsələni həll edir.

Cehiz ənənəsi çox vaxt yeni qurulan ailələrdə təməlin özündə çatların yaranmasına səbəb olur. Hətta cehiz mövzusu yenə də ailələr arasında nifaq toxumu səpir. Məlumdur ki, bu günlərdə Ağdaşın Ləki qəsəbəsində cehiz məsələsi üzündən 23 yaşlı gəncin həyatına son qoyduğu iddia edilir. Hadisədən sonra oğlan evi qızın ailəsini, qız evi isə oğlanın ailəsini günahlandırır. Qeyd edək ki, bu faciə bir ailənin dramı deyil. Bu, cəmiyyətin üzləşdiyi dərin sosial və məişət problemidir. Ümumiyyətlə, cehiz ənənəsini sadələşdirmək, real imkanlar daxilində tənzimləmək, gənclərin və ailələrin üzərinə düşən yükü azaltmaq mümkündürmü?

Fatimə Hacıbəyli: “Bizdə valideynlərin fəxr və qürur mənbəyi qız evinin cehizinin bahalı olması, oğlanın isə pulunun və evinin olmasıdır”

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, cəmiyyətimizdə toy öncəsi bəzi adətlərdə stereotiplər insanlarımızı idarə edir: "Nəticədə bu stereotiplər Azərbaycan insanının xoşbəxt olmasına mane olur. Hər şey ad-sana, yer-yurda, var-dövlətə görə qız alıb-verməklə başlayır. İnsanlarımız mənəvi insan yaşantısı olan ailəyə maddi prizmadan yanaşır və nəticədə ailə quran gənclər uğursuz bir ailənin təməlini qoyurlar. Ümumiyyətlə, bizdə valideynlərin fəxr və qürur mənbəyi qız evinin cehizinin bahalı olması, oğlanın isə pulunun və evinin olmasıdır. Əlbəttə, hər kəs öz qızına bahalı cehiz vermək istəyir. Lakin cehizlik belə insanın maddi durumuna görə olmalıdır. Bu gün cəmiyyətimizdə varlı ilə kasıbın toy və yas mərasimləri bir o qədər də fərqlənmir. Sanki qəbul edilmiş toy standartı varmış kimi, hər kəs ona uyğun davranır. İmkansız valideynlər belə boğazından, əynindən kəsib ömür boyu qızının cehizlik kreditini ödəməyə hazır olurlar. Təki onların övladlarına kənar təsir olmasın, qayınana və oğlan evinin qohumları cehizə "bu da qızın gətirdikləri" kimi tənə etməsinlər. Ümumiyyətlə, cehizlik əşyalar simvolik olmalı və gənc ailəyə kömək məqsədilə bəzi əşyaların verilməsi ilə yekunlaşmalıdır”.

Elçin Bayramlı: “Mənəviyyata önəm verənlərin sayı olduqca azdır və belə bir cəmiyyətdə gərginliklərin daha da artması qaçılmazdır”

Sosioloq Elçin Bayramlı bildirdi ki, illərdir biz mənəvi dəyərləri bir kənara qoyub, yalnız maddi dəyərlərə – pula, vəzifəyə, mülklərə önəm veririk. İnsanlar ailədə, dostluqda, qohumluqda belə əlaqələri daha çox maddi maraqlar üzərində qururlar: “Bu səbəbdən belə problemlər fasiləsiz artır və bunları həll etmək, demək olar ki, mümkün deyil. Çünki cəmiyyətin psixologiyası uzun zaman ərzində, hətta əsrlərlə formalaşır və bir neçə ilə dəyişmir. Son illərdə aparılan təbliğat da dəyərlər sistemimizi köklü şəkildə dəyişib, mənəvi dəyərlər arxa planda qalıb. Maddi dəyərlər üzərində qurulan ailələrin dağılması qaçılmazdır. Boşanmalar da məhz bunun nəticəsidir. Əksinə, mənəvi dəyərlərə əsaslanan ailələr daha dayanıqlıdır. Təəssüf ki, biz bu dəyərləri arxa plana keçirmişik. Mənəviyyata önəm verənlərin sayı olduqca azdır və belə bir cəmiyyətdə gərginliklərin daha da artması qaçılmazdır. Bunun qarşısını almaq isə, demək olar ki, mümkün deyil. İnsan formalaşması uzun müddət tələb edir və bu sahədə dəyişiklik üçün dövlət səviyyəsində ciddi iradə olmalıdır. Ancaq bu gün həm daxili, həm də qlobal təsirlər bizə köhnə, ənənəvi insanlıq dəyərlərinə qayıtmağa imkan vermir”.

Günel CƏLİLOVA

Seçilən
27
baki-xeber.com

1Mənbələr