AZ

Hacıqabulda piyadanı vuraraq öldürən Türkiyə vətəndaşının cəzası yüngülləşdirildi

Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Bestani Bolatoğlunun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti qismən təmin olunub, Hacıqabul Rayon Məhkəməsinin 6 yanvar 2025-ci il tarixli hökmü dəyişdirilib. Türkiyə Respublikası vətəndaşına Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 7 000 manat cərimə cəzası təyin olunub.


İttihama görə, hadisə 15 mart 2024-cü il tarixdə, saat 23:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Türkiyə vətəndaşı Bestani Bolatoğlu idarə etdiyi “Ford F-Max” markalı qoşqulu dartıcı yük avtomobillə hərəkətdə olarkən yolu soldan sağa doğru keçmək istəyən, sərxoş vəziyyətdə olan piyada, 1993-cü il təvəllüdlü S.M.-i (adı, soyadı şərtidir) vuraraq öldürüb.


Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə Bestani Bolatoğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 

Tarix: 30 İyul 2025, 09:51   
Seçilən
21
pravda.az

1Mənbələr