AZ

Minatəmizləmə prosesində Azərbaycan nümunəsi

Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan  xeyli sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru əsas yerlərdən birini tutur. Ermənistanın mina terroru hələ də davam edir.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən bəri artıq 400 Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir. İşğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir. Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır.

Malayziyada “Minalardan azad dünya yolunda - Azərbaycan nümunəsi” mövzusunda beynəlxalq seminar

Hazırda azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Həmin ərazilərdə mina qurbanı olanlar da daha çox quruculuq işləri ilə məşğul olan mülki şəxslərdir. Bu fakt bərpa işlərinin daha sürətli aparılmasına ciddi əngəl törədir. Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan hökuməti həmin ərazilərdə intensiv minatəmizləmə işləri həyata keçirir. Bu işlər ölkəmizin maliyyə imkanları hesabına icra olunur. Bəzi ölkə və beynəlxalq təşkilatların dəstəyi isə kiçikdir. Önəmli cəhət ondan ibarətdir ki, illərlə davam edəcək minatəmizləmə işləri yüksək səviyyədə aparılır. Buna görə də, bir sıra ölkələr Azərbaycanın bu sahədə gördüyü işləri nümunə kimi təqdim edirlər.   Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində ?? ??????? İnsan Hüquqları Komissiyası (SUHAKAM) və Azərbaycan?? Malayziyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Minalardan azad dünya yolunda - Azərbaycan nümunəsi” mövzusunda keçirilən beynəlxalq seminar buna sübutdur. Qeyd edək ki, beynəlxalq seminarda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı “Minaların insan hüquqlarına təsiri” mövzusunda onlayn formatda çıxış edib. Aparat rəhbəri çıxışında minaların insan hüquqlarına təsirini beynəlxalq humanitar hüquq və beynəlxalq hüquq normaları baxımından təhlil edərək bu sahədə mövcud normaların tələblərini diqqətə çatdırıb. Vurğulayıb ki, minalar təkcə silahlı münaqişə zamanı deyil, müharibədən sonrakı dövrlərdə də mülki əhali üçün ən böyük təhlükələrdən biri olaraq qalır. Bu təhlükə insanların yaşamaq hüququna, fiziki və psixoloji sağlamlığına, azad hərəkət etmək hüququna, sağlam ətraf mühitdə yaşamağa, təhsil və əmək hüquqlarına birbaşa təsir göstərir. Ermənistanın həyata keçirdiyi mina terroru insanların həyat və sağlamlıqlarına, ətraf mühitə zərər yetirməklə bərabər, beynəlxalq humanitar hüququn və beynəlxalq insan haqlarının kobud şəkildə pozulması ilə müşayiət olunur.

 Qeyri-dəqiq mina xəritələrinin yaratdığı problemlər

Humanitar minatəmizləmənin Azərbaycan dövlətinin əsas prioritet vəzifələri sırasında olduğu, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) bu istiqamətdə mühüm fəaliyyət həyata keçirdiyi, Ermənistanın düzgün mina xəritələrini təqdim etməməsinin yaratmış olduğu çətinliklər seminar iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, Azərbaycan ombudsmanı mina qurbanlarının hüquqlarının müdafiəsi, onların sosial reinteqrasiyası və tibbi-psixoloji dəstəklə təmin olunması istiqamətində ardıcıl və sistemli fəaliyyət həyata keçirir, beynəlxalq təşkilatlara ünvanlanan hesabatlar, bəyanatlar və xüsusi məruzələr vasitəsilə Ermənistanın mina terroru nəticəsində baş verən insan hüquqları pozuntuları diqqətə çatdırılır.
Nəzərə çatdırılıb ki, minalarla çirklənmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, otuz il müddətində hüquqları pozulmuş bir milyona yaxın keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması prosesi ciddi şəkildə gecikir. Bu isə həmin insanların fundamental insan hüquqlarının pozulması ilə nəticələnir. Çıxışının sonunda A.Səfixanlı beynəlxalq təşkilatların Ermənistanın mina terroruna, insan hüquq və azadlıqlarını pozması faktlarına biganə qalmaması, Azərbaycanın minatəmizləmə sahəsində həyata keçirdiyi fəaliyyətə dəstəyin verilməsi, eləcə də ölkəmizə dəqiq mina xəritələrinin təqdim olunması üçün ciddi səylərin göstərilməsi ilə bağlı çağırışlar edib.

Minatəmizləmə prosesində müasir texnologiyalardan istifadə olunur

Onu da vurğulayaq ki, ölkəmizdə minatəmizləmə prosesində müasir texnologiyalardan istifadə olunur. ANAMA mina və döyüş sahələrinin təmizlənməsi əməliyyatları ilə yanaşı, keçmiş sursat anbarları, eləcə də poliqon ərazilərinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını icra edir. Fəaliyyətini ən keyfiyyətli minaaxtaran avadanlıqlarla beynəlxalq standartlar və metodologiyalar çərçivəsində həyata keçirən qurum eləcə də, müasir texnologiyaların istifadəsinə üstünlük verir. Belə ki, torpağın 6 metr dərinliyinə qədər metal tərkibli sursatları aşkar etmək qabiliyyətinə malik avadanlıqlardan istifadə olunur. Avadanlıqların tərkibində olan 8 kanallı maqnitometr sisteminin iş prinsipi yerin maqnit sahəsindəki dəyişikliklərini qeydə almaqdan ibarətdir. Bu istiqamətdə fəaliyyət zamanı yüksək dəqiqlikli koordinat əldə etmək üçün DGPS texnologiyası tətbiq edilir. Toplanmış məlumatlar xüsusi proqramda emal olunur və sahə xəritələri yaradılır. Bu sistem mina və döyüş sursatlarının torpağın dərinliyində yüksək dəqiqliklə aşkarlanmasına imkan yaradır.
Bundan əlavə, beynəlxalq minatəmizləmə standartlarına əsasən mexaniki minatəmizləmə vasitələri piyada və tank əleyhinə mina xətlərinin aşkarlanması, ərazilərin təmizlənməsi üçün sahələrin hazırlanması, minaaxtaran itlərin dəstəyi ilə şübhəli-təhlükəli ərazilərin qısaldılması məqsədilə istifadə edilir. Minatəmizləmə metodologiyalarından biri olan mexaniki minatəmizləmə vasitələri əməliyyatların səmərəli və təhlükəsiz yerinə yetirilməsi baxımından ən başlıca vasitələr dən biridir.
Azərbaycan istehsalı olan “Revival P” piyada əleyhinə mexaniki minatəmizləmə vasitələri də 7 kiloqramlıq TNT partlayışlarına qarşı dayanıqlıdır. Texnikanın ümumi çəkisi 6,5 ton, uzaqdan idarəetmə məsafəsi 2000 metrdir. Təmizləmə dərinliyi 300 millimetr təşkil edən maşınlar sərt torpaq örtüyü olan ərazilərdə və böyük meyl bucağı altında rahat idarə edilir. Müəyyənləşdirilmiş standartlar əsasında mexaniki vasitələrin ön hissəsində yerləşdirilən toxmaqlar vasitəsilə torpağın döyəclənməsi çətin ərazi relyefində əməliyyatların aparılmasını təmin edir. Maşınların uzaqdan idarə olunması heyətin təhlükəsizliyinə zəmanət verir. “Revival P” minatəmizləmə vasitələri “Böyük Qayıdış” proqramı çərçivəsində icra edilən bərpa-quruculuq, habelə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz geri dönüşü məqsədilə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə böyük töhfə verir.

Bütün bunlarla yanaşı, beynəlxalq ictimaiyyət  minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməli, Azərbaycanın davam edən minatəmizləmə səylərinə dəstək olmalıdır. Çünki sözügedən ərazilər minalarla həddən artıq çirkləndirilib. Müsbət haldır ki, ölkəmizin dostları bu istiqamətdə öz dəstəyini göstərir. Lakin müvafiq beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdır. Onlar Ermənistan tərəfindən törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsir göstərməlidir.


Nardar BAYRAMLI

Seçilən
20
2
yeniazerbaycan.com

4Mənbələr