AZ

Yüksək səviyyəli etimad və qarşılıqlı anlaşma

Azərbaycan və Türkmənistan arasında imzalanan sənədlər müəyyən edilmiş hədəflərə çatmaqda mühüm rol oynayacaq

Bakıda Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib. Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında münasibətlərin möhkəm tarixi təməl, mədəni yaxınlıq və iki qardaş xalqın qarşılıqlı hörmətinə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, dövlət başçılarımız arasında yüksək səviyyəli etimad və qarşılıqlı anlaşma əməkdaşlığın gücləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və humanitar əlaqələr kimi əsas sahələri əhatə edən geniş tərəfdaşlıq gündəliyi daha da möhkəmlənir. Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Türkmənistan kapitallı 75 şirkət fəaliyyət göstərir ki, bu da iqtisadi-ticari mübadilələrin artmasında töhfəverici rol oynayır.
Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev Azərbaycanla müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün geniş perspektivlər olduğunu vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri haqqında fikirlərini bölüşüb.

Tədbirdə müxtəlif sahələrdə birgə fəaliyyətin perspektivləri, iqtisadi müstəvidə ortaq maraqlara xidmət edən təşəbbüslər barədə müzakirə aparılıb. Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair imzalanmış protokol sənədinə əsasən, tərəflər iqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsinə dair niyyətlərini ifadə ediblər.

Ticarət dövriyyəsində əhəmiyyətli dinamika

Türkmənistanla Azərbaycan arasında siyasi-iqtisadi, sosial-humanitar və digər sahələrdə əməkdaşlıq əlaqələri son illərdə dərinləşərək yeni mərhələyə qədəm qoyub. Hər iki ölkə siyasi və iqtisadi münasibətlərə yeni dinamizm elementləri əlavə etməklə regionda sıx dostluq və qardaşlıq dəhlizinin yaradılmasına töhfə verməkdədir. Türkmənistan respublikamızla qonşu ölkə olmaqla yanaşı, həm də türkdilli dövlət kimi iqtisadi-siyasi təmasların dərinləşməsinə görə fərqlənir.
Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın iclaslarının keçirilməsi, hökumət üzvlərinin qarşılıqlı səfərləri, əməkdaşlığın bütün bölmələrini əhatə edən protokolun imzalanması siyasi-iqtisadi əlaqələrin inkişafı üçün dərin baza yaradıb. Hər iki dövlətin liderlərinin son illərdə intensivləşən qarşılıqlı səfərləri və imzalanan sazişlər ölkələr arasında münasibətələrin coğrafiyasının genişlənməsinə zəmin yaradıb və ikitərəfli münasibətlərin keyfiyyətinin artmasına öz bəhrəsini verməkdədir. Bu sıx iqtisadi təmasların nəticəsidir ki, 2024-cü ildə tərəflər arasında əmtəə dövriyyəsi 380 milyon dolları ötüb, cari ilin ilk yarısında isə 200 milyon dollara yaxınlaşıb.

Xəzərdə yeni əməkdaşlıq formatı

Azərbaycan və Türkmənistan “Şərq-Qərb” nəqliyyat dəhlizinin canlandırılması və Orta Dəhlizin səmərəliyinin artırılması istiqamətində də fəal əməkdaşlıq edir. Ötən ilin yekunlarına görə, bu göstərici 2 milyon tonu, bu ilin ilk yarısında isə 1 milyon tonu keçib. Hər iki dövlət Orta Dəhlizdə daha sıx mübadilələr aparmaqla tranzit daşınmalarını daha da artırmaq potensialına malikdir.
Xəzər dənizi hövzəsində Azərbaycan limanlarına daxil olan və Türkmənistan bayrağı altında üzən 10-a yaxın (2 ədəd RoRo, 5 ədəd tanker və 3 quru yük gəmiləri) gəmi fəaliyyət göstərir. Daşımaları stimullaşdırmaq məqsədilə Türkmənistan bayrağı altında üzən gəmilərə münasibətdə liman yığımlarına Bakı Limanı tərəfindən birtərəfli qaydada güzəşt tətbiq edilib. Eyni zamanda, Bakı ?əmiqayırma ?avodunda Türkmənistan şirkətinə məxsus “NT Flagman” üçayaqlı üzən qurğunun (Lift Boat) gövdə bloklarının və ayaqlarının birləşdirilməsi, eləcə də hərəkətverici sistemləri və yükqaldırma kranlarının əsaslı təmir olunması işləri müvəffəqiyyətlə tamamlanaraq sifarişçiyə təhvil verilib.

Azad ərazilərdə investisiya niyyətləri

İqtisadi təmaslar son illərdə yeni məzmun daşımaqla, post-müharibə dövründə yeni reallıqlara uyğun inkişaf edir və digər türk dövlətləri kimi Türkmənistanın da işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq və sənaye intibahına töhfə vermək niyyəti var. İyulun 16-da ölkəmizə səfəri çərçivəsində azad ərazilərə baş çəkən və buradakı nəhəng quruculuqla yerindəcə tanış olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun da qənaətindən aydın olur ki, Türkmənistan?? bölgədəki əlverişli biznes və investisiya mühitindən, nəqliyyat və logistika infrastrukturu imkanlarından, o cümlədən Zəngəzur dəhlizinin perspektivlərindən faydalanmaq marağı var.
Azərbaycan və Türkmənistanın sıx tərəfdaşlığı Xəzərdə birgə neft-qaz sahəsində nümunəvi platformaya çevrilməkdədir. İki il əvvəl Aşqabadda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” birgə əməkdaşlıq üçün möhkəm təməl qoyub və bu istiqamətdə fəal işlər aparılır. Həmçinin Azərbaycan və Türkmənistan qardaş Türkiyə ilə birlikdə regionda yeni enerji formatı yaradıb. Üç dövlətin birgə razılaşmasına əsasən, 2025-ci il martın 1-dən etibarən Türkmənistan qazı Azərbaycandan keçməklə Türkiyəyə tədarük olunur, BOTAŞ və “Türkmənqaz” arasında əldə edilmiş razılaşmaya əsasən, Türkmənistan qazı Azərbaycan üzərindən Türkiyəyə çatdırılır.

Türkmən qazının Azərbaycan üzərindən Türkiyəyə nəqli regionun geoiqtisadi xəritəsini dəyişdirir

Türkmən qazının Azərbaycan üzərindən Türkiyəyə nəqli geoiqtisadi əhəmiyyət daşımaqla Azərbaycanın tranzit ölkə kimi həm mövqeyini artıracaq, həm də tranzit gəlirləri əldə etməsinə dərin zəmin yaradır. Bu layihə Bakı və Ankaranın iqtisadi inteqrasiyasına daha yeni şaxə əlavə etməklə iki ölkənin iqtisadi zəncirlərinin birləşməsində əlavə təhlükəsizlik amilinə çevriləcək. Digər əsas məqam Türkmənistan-Azərbaycan-Türkiyə enerji ittifaqının formalaşmasıdır. Hər 3 qardaş ölkə bu starteji qərarın gerçəyə çevrilməsi ilə Türk ailəsinin iqtisadi inteqrasiya proqramının əhatəsini daha da genişləndirmiş olacaq. Həmçinin Türkmənistanın enerji ehtiyatlarının regionun ən nəhəng tranzit - Şərq-Qərb dəhlizi olan Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac etmək imkanı da yaranıb. Beləliklə, Xəzərin enerji ehtiyatlarının Avropaya nəqlində Bakı-Aşqabad-Ankara konsorsiumunun yaradılması region üçün mühüm geosiyasi məzmun kəsb etməklə bərabər, Xəzərin karbohidrogen resurslarının Qərbə nəqlinə təminat verərək bölgədə təhlükəsizlik dəhlizinə çevrilmiş olacaq.
Beləliklə, Azərbaycan və Türkmənistan arasında çoxşaxəli əməkdaşlıq gündəliyi üzrə davam etdirilən məsləhətləşmələr, xüsusən də Birgə Hökumətlərarası Komissiyanın iclasları və imzalanan sənədlər müəyyən edilmiş hədəflərə çatmaqda mühüm rol oynayacaq.


ELBRUS CƏFƏRLİ

Seçilən
11
yeniazerbaycan.com

1Mənbələr