Bu gün Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisinin açılışı olub.
Bizim.Media xəbər verir ki, artıq 2-ci ildir ki, bu sərgi keçirilir.
Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov açılışda vurğulayıb ki, sərginin məqsədi abituriyentlərlə əlaqələr qurmaq, onlara ali məktəblərlə bağlı ətraflı məlumat verməkdir.
O, qeyd edib ki, sərgidə iştirak etmək üçün 3000-ə yaxın şəxs qeydiyyatdan keçib. Onların arasında abituriyentlərlə yanaşı, valideynlər, ekspertlər də var.
Qeyd edək ki, sərgidə 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Tələbə Təhsil Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az onlayn sınaq imtahanı portalının stendləri yer alıb.
Sərgi avqustun 1-nə kimi Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunacaq.
Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.
Burada həmçinin iştirakçılara DİM in mütəxəssisləri tərəfindən hazırlanmış "Peşə seçimi" testlərindən ödənişsiz yararlanmaq imkanı verilir.
Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanına malikdirlər.
Sərgiyə giriş ödənişsizdir. Sərgidə iştirak etmək istəyənlər isə aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.
//portal.dim.gov.az/sergi/
Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media