AZ

Azərbaycanda ildə 45 kilo ət, 116 kilo çörək YEYİRİK

İnsanların sağlamlığı və sosial rifahı birbaşa qidalanma vərdişləri ilə sıx bağlıdır. Qida istehlakı fərdi seçim olmaqla yanaşı, həm də ölkənin iqtisadi durumu, ərzaq təhlükəsizliyi və mədəni ənənələrinin göstərir. Azərbaycanda adambaşına düşən illik ərzaq istehlakı göstəriciləri bu baxımdan maraqlı tendensiyaları üzə çıxarır.

BAKU.WS xəbər verir ki, Modern.az mövzu ilə bağlı Dövlət Statistika Komitəsindən əldə etdiyi 2024-cü ili əhatə edən məlumatları təqdim edir. 

Süd, çörək və kartof ən çox istifadə olunan məhsullardır

Statistikaya görə, Azərbaycanda bir nəfər il ərzində orta hesabla 256,3 kq süd və süd məhsulu istehlak edir. Bu göstərici ölkədə süd məhsullarının qidalanmada əsas yer tutduğunu göstərir. Digər yüksək istehlak olunan məhsul təzə çörəkdir. Belə ki, il ərzində ortalama azərbaycanlı 115,9 kq təzə çörəkdən istifadə edir. Kartofa gəlincə isə, il ərzində bir azərbaycanlı təxminən 80,2 kq kartof istehlak edir. 

Ət və yumurta istehlakı orta səviyyədədir

Azərbaycan əhalisi ildə adambaşına 44,9 kq ət və ət məhsulu, eləcə də 195 ədəd yumurta istehlak edir. Qeyd edək ki, ÜST-nin Tədqiqat Agentliyi (IARC) və Dünya Xərçəng Araşdırma Fondunun (WCRF) tövsiyəsinə görə, Qırmızı və emal olunmuş ət istehlakı gündəlik minimuma endirilməli, emal olunmuş ətin (sosis, kolbasa və s.) qəbulu az və ya tamamilə məhdudlaşdırılmalıdır. Beynəlxalq tövsiyələrə əsasən bir nəfər ildə ortalama 25 - 39 kq qırmızı ət yeməlidir.

Balıq və düyü - ən az istifadə olunanlar sırasındadır

Balıq və balıq məhsullarının illik adambaşına istehlakı cəmi 8,5 kq-dır. Oxşar vəziyyət düyü  üzrə də müşahidə olunur. Belə ki, il ərzində istifadə etdiyimiz düyünün ortalama miqdarı 7,5 kiloqrama qədərdir. 

Kərə və bitki yağı, pendirin istehlakı

Ölkəmizdə bitki yağı kərə yağından daha çox istifadə olunur. Statistikalar göstərir ki, il ərzində bir nəfərə düşən kərə yağının miqdarı 3,6 kq, bitki yağının miqdarı isə 8,1 kq-dır. Süd məhsulları içərisində pendir azərbaycanlıların ən çox istehlak etdiyi qida hesab olunur. Ortalama azərbaycanlı bir ildə 6,3 kq pendir istifadə edir. 

Tərəvəz və meyvələr orta səviyyədə istifadə olunur

Azərbaycanlılar tərəfindən hər il 139,7 kq bütün növ tərəvəz, 40,3 kq bostan məhsulları və 79,6 kq meyvə və giləmeyvə istehlak edilir. Azərbaycanlıların ən çox istifadə etdiyi meyvələrdən biri də üzümdür, il ərzində bu mövzsümü meyvədən ortalama bir nəfər 18,3 kq istifadə edir. 

Şirin qidalar və çay - adətə çevrilmiş istehlak

Azərbaycanlılar ildə 26,2 kq şəkər, 14,9 kq qənnadı məmulatları, eləcə də 1,4 kq çay istehlak edirlər. Bu rəqəmlər ənənəvi çay süfrəsi mədəniyyətinin və şirin qidalara olan yüksək marağın davam etdiyini göstərir. Ancaq bu göstəricilər diabet, artıq çəki və digər qidalanma ilə bağlı sağlamlıq problemləri baxımından risk faktorları yarada bilər.

Seçilən
23
3
far.az

3Mənbələr