Prezident İlham Əliyev iyulun 30-da Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərində və digər yaşayış məntəqələrində həlak olan sakinlərin xatirəsinin əbədiləşdirilməsi və müharibə reallıqlarının əks etdirilməsi məqsədilə 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 10,5 milyon (on milyon beş yüz min) manat vəsait ayrılıb.