İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) ən böyük hədəflərindən biri Azərbaycanı idxalçı ölkədən ixracatçı ölkəyə çevirməkdir. Bu sahədə də böyük uğurlar əldə edilib. Sənaye parklarında fəaliyyət göstərən müəssisələrin təqribən 50 faizdən çoxu məhsul ixracı ilə məşğul olur. Təxminən 100 çeşiddən çox məhsul xarici bazara satılır.
FED.az xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov bildirib.
O, müsahibəsində Azərbaycanda mövcud 13 sənaye zonasında indiyədək əldə edilən uğurlar, qarşıya qoyulan hədəflər, yerli və xarici investorlar üçün mümkün xüsusi güzəştlərin tətbiqi imkanları, eləcə də agentliyin Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət istiqamətinin şaxələndirilməsi ilə bağlı sualları cavablandırıb.
Qurum sözçüsü əvvəlcə agentliyin tabeliyində olan sənaye zonalarında görülən işlərdən və orta müddətli dövr üçün hədəflərdən danışıb. O bildirib ki, son dövrlərdə Azərbaycanda sənayeləşmə siyasətinə uyğun olaraq sənaye zonalarının yaradılması istiqamətində işlər uğurla davam etdirilir: “Sənaye zonaları ölkəmizdə sahibkarların investisiya yatırmaları baxımından ən əlverişli investisiya məkanıdır. Dövlət tərəfindən sahibkarlar üçün bir çox stimullaşdırıcı tədbirlər həyata keçirilir. Hazırda Azərbaycanda 13 sənaye zonası fəaliyyət göstərir. Bunlardan 9-u sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı, Balaxanı, Hacıqabul, Naxçıvan, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) 4-ü isə sənaye məhəlləsi (Masallı, Neftçala, Sabirabad, Şərur sənaye məhəllələri) statusundadır.
13 sənaye zonasından 11-nin (Balaxanı Sənaye Parkı və Şərur Sənaye Məhəlləsi istisna olmaqla) idarəçiliyi İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçirilir. Sənaye zonaları yaradıldığı müddətdən etibarən qeyri-neft sənayesinin inkişaf etdirilməsinə, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsinə müsbət təsir göstərməyə başlayıb. Bu uğurlu nəticələri yeni növ məhsulların istehsalına başlanılmasında, yeni iş yerlərinin yaradılmasında, ölkənin ixrac imkanlarının genişləndirilməsində görə bilərik”.
E. Kazımov vurğulayıb ki, artıq Azərbaycanın sənaye məhsullarının dünyanın 70-dən çox ölkəsində “Made in Azerbaijan” brendi adı altında satışı həyata keçirilir: “İxrac ölkələrimizin sayında hər il artım müşahidə edilir. Məsələn, ötən il sənaye zonalarında istehsal edilən məhsulların ilk dəfə olaraq Cənubi Afrika, Yəmən, Argentina və s. ölkələrə ixracına başlanıldı. Həmçinin 2024-cü ildə sənaye zonalarında istehsal edilən yeni növdə məhsulların da ilk dəfə ixracı həyata keçirilib. Misal üçün qeyd edim ki, Azərbaycan ilk dəfə olaraq ötən il elektrod, divar kağızlarının, müxtəlif növ ayaqqabıların və s. məhsulların ixracına başladı. Belə ki, əvvəllər ölkəmizdə bu növ məhsullara olan tələbat idxal hesabına ödənilirdisə, artıq sənaye zonalarımızda istehsal hesabına Azərbaycan bu məhsulların ixracatçısına çevrilib. Bu da ölkəmizdən valyuta çıxmasının qarşısını almağa, ixrac imkanlarımızın genişləndirməsinə təkan verir”.
Gəncə ətrafı bölgədə yeni sənaye parkının yaradılması nəzərdə tutulur
E. Kazımov bəzi statistik göstəriciləri diqqətə çatdırıb: “Sənaye zonalarında ilk məhsul istehsalına 2015-ci ilin sonlarından Sumqayıt Kimya Sənaye Parkında başlanılıb. 2015-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla sənaye zonalarında 17,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,53 milyard manatlıq hissəsi ixrac edilib. 2025-ci ilin I yarısı ərzində sənaye zonalarında 1,83 milyard manatlıq satış həyata keçirilib, bunun da təxminən 583,5 milyon manatlıq hissəsi ixracın payına düşür. Ötən ilin analoji dövü ilə müqayisədə satış 28,7%, ixrac isə 22,4% artıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 900-dən artıq daimi iş yeri yaradılıb”.
“Bütün deyilənlərdən bir daha aydın olur ki, sənaye zonaları iqtisadiyyatın şaxələndirilməsi baxımından əlverişli platformadır. Sənaye zonalarının yaradılması məsələsi dövlət başçısının səlahiyyətində olan məsələdir. Yaxın vaxtlarda Gəncə ətrafı bölgədə yeni bir sənaye parkının yaradılması nəzərdə tutulur”, - E. Kazımov qeyd edib.
Bu il sənaye zonalarında bir neçə müəssisənin fəaliyyətə başlaması planlaşdırılır
Agentliyin sözçüsü sənaye zonalarında hər il yeni müəssisələrin fəaliyyətə başladığını, bu müəssisələrin çoxunun açılışında dövlət başçısının iştirak etdiyini xüsusi vurğulayıb: “Yeni müəssisələrin açılması yeni məhsul istehsalına, ixracına başlanılması, iş yerlərinin yaradılması deməkdir. Sənaye zonalarında istehsal olunan məhsullar ilkin olaraq daxili təlabatın ödənilməsinə yönəldilir, daxili təlabat tam ödənildikdən sonra növbəti ixrac edilməsi istiqamətində işlər görülür. Qeyd edim ki, cari ildə dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında açılışı olmuş tikinti kimyəviləri zavodu, həmçinin Ağdam Sənaye Parkında fəaliyyətə başlamış tütün məmulatlarının istehsalı müəssisəsi artıq ixrac istiqamətinə uğurlar əldə ediblər. Belə ki, tikinti kimyəvilərin Özbəkistana, tütün məmulatlarının isə İraqa, Gürcüstana, Birləşmiş Ərəb Əmirliklərinə, Özbəkistana ixracı həyata keçirilib.
Yəni qısa müddətin keçməsinə baxmayaraq fəaliyyətə başlayan yeni müəssisələr öz məhsullarını xaricə satmağa başlayıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında istehsal edilən məhsulların bir neçə ölkələrə ixracı istiqamətində uğurlar əldə edilib. Sevindirici və qürurverici haldır ki, Ağdamda istehsal edilən məhsullar artıq xarici ölkələrə satılır”.
E. Kazımov təmsil etdiyi agentliyin ən böyük hədəflərindən birini də açıqlayıb: “İZİA-nın ən böyük hədəflərindən biri sənaye zonalarımızda sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırmaq, qeyri-neft sənayesinin inkişafında xüsusi çəkimizi artırmaq, əhalinin məşğulluq səviyyəsini genişləndirmək, həmçinin Azərbaycanı idxalçı ölkədən ixracatçı ölkəyə çevirməkdir. Bu sahədə də böyük uğurlar əldə edilib. Sənaye parklarında fəaliyyət göstərən müəssisələrin təqribən 50 faizdən çoxu məhsul ixracı ilə məşğul olur. Təqribən 100 çeşiddən çox məhsul xarici bazara satılır.
Bu il həmçinin sənaye zonalarında bir neçə müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Fəaliyyətə başlayacaq müəssisələr elektron avtomat və sayğacların, alüminium təbəqəli vərəqə güzgü, inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağız, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının, dekorativ daşların, yapışqan lentlərin və s. yeni məhsulların istehsalı ilə məşğul olacaqlar”.
Sənaye zonalarında yeni güzəştlər yaranarsa, bundan həm yerli, həm də xarici sahibkarlar bərabər şəkildə faydalana biləcəklər
Qurumun sözçüsü sənaye zonalarında sahibkarlar üçün yaradılan investisiya imkanlarından yerli və xarici sahibkarların bərabər şəkildə faydalandıqlarını qeyd edib: “Məlumat üçün bildirim ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında hazırda 15-dən çox xarici kapitallı şirkət rezident kimi qeydiyyatdan keçib. İsveçrə, BƏƏ, Tailand, Çin, Pakistan, Türkiyə, Bolqarıstan, Litva, Özbəkistan, Rusiya, İran və s. ölkələrdən olan şirkətlər tərəfindən sənaye zonalarında tikinti kimyəvi vasitələrinin, keramik plitələrin, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının, kalium sulfatın (gübrə), elektrik avtomat və sayğaclarının, dəri və dəri məmulatlarının, tava və qazan məhsullarının, bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin, avtomobil və s. məhsulların istehsalı sahələri üzrə ixtisaslaşıblar.
Hələ ki yeni güzəştlərin yaradılması istiqamətinə konkret bir məsələ müəyyən edilməyib. Amma yeni güzəştlər yaranarsa, bundan yerli sahibkarlarla yanaşı, xarici sahibkarlar da bərabər şəkildə faydalana biləcəklər”.
Yaxın vaxtlarda Naxçıvan Sənaye Parkında infrastruktur işlərinin görülməsinə başlanılacaq
E. Kazımov yeni yaradılmış Naxçıvan Sənaye Parkı üzrə görüləcək işləri də sadalayıb: “Dövlət başçısının 2024-cü il 5 dekabr tarixli Fərmanı ilə Naxçıvanda 310 hektar ərazidə Sənaye Parkı yaradılıb. İlkin mərhələdə Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Belə ki, Sənaye Parkında qida, kimya sənayesi, tullantıların, qara və əlvan metal emalı, tikinti materiallarının, maşın və avadanlıqların, bərpa olunan enerji, mebel, toxuculuq, geyim-gön-dəri və qablaşdırma məhsullarının, kağız və kağız məmulatlarının istehsalı nəzərdə tutulur. Yaxın vaxtlarda sənaye Parkında infrastruktur işlərinin görülməsinə başlanılacaq. Həmçinin sahibkarların müraciətlərinin qəbulu həyata keçiriləcək. Naxçıvan Sənaye Parkının fəaliyyətə başlaması bu bölgədə yaşayan əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, məhsul çeşidlərimizin sayının artmasına, regionda iqtisadi inkişafın sürətlənməsinə, ən əsası isə xammal ehtiyatlarından səmərəli istifadə etməyə imkan verəcək”.
Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərən sənaye parklarında İZİA-nın inzibati binalarının açılışı həyata keçiriləcək
E. Kazımov Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərən sənaye zonalarında əldə olunan nəticələr, eləcə də yaxın dövr üzrə yeniliklərlə bağlı bunları qeyd edib: “Məlum olduğu kimi işğaldan azad edilmiş ərazilərimizdə iki sənaye parkı fəaliyyət göstərir. Bunlardan biri Ağdam Sənaye Parkı, digəri Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi iqtisadi Zonası” Sənaye Parkıdır. Hazırda bu iki sənaye parkında ümumilikdə 48 sahibkarlıq subyekti rezident, 7 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
Görülən işlərə 175 milyon manatdan çox investisiya yatırılıb, 1000 nəfərdən artıq daimi iş yeri yaradılıb.
Hazırda bu sözügedən sənaye zonalarında 14 müəssisə fəaliyyət göstərir. 2024-cü ilin sentyabrın sonlarından 2025-ci ilin I yarısı daxil olmaqla bu müəssisələr tərəfindən 476 milyon manatlıq məhsul istehsalı həyata keçirilib. Hazırda Ağdam və “Araz Vadisi iqtisadi Zonası” Sənaye Parkında ümumilikdə 10-dan çox müəssisənin tikintisi istiqamətində işlər davam etdirilir, 20-dən çox müəssisədə isə layihələndirmə işləri görülür.
Bu il bu sözügedən sənaye parklarında dekorativ daşların, tütün məmulatlarının, müxtəlif yapışqan lentlərin və s. müəssisələrin fəaliyyətə başlaması planlaşdırılır. Həmçinin bu sənaye parklarında İZİA-nın inzibati binalarının açılışı həyata keçiriləcək ki, bu mərkəzlərdə sahibkarlara bankçılıq, vergi, gömrük, sosial və s. sahələrdə dəstək tədbirləri göstəriləcək”.
“Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidenti olmaq istəyən sahibkarlar tərəfindən təqdim edilən (10-a yaxın layihə) layihəyə İqtisadi Zonaların İnkişafı Agentliyində baxılır, yaxın vaxtlarda bu sənaye zonalarında rezident və qeyri-rezident sayında artımın olmasına şahid olacağıq.
Ağdam Sənaye Parkı rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci böyük park hesab edilir. Sözügedən sənaye parkının 70 faizdən çox hissəsi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə 30 faizdən çoxu sahibkarların istifadəsinə verilib”, - deyə E. Kazımov fikirlərini yekunlaşdırıb. (Trend)