AZ

Universitetlərdə təhsil haqları artacaq? -

Hər tədris ili ərəfəsində ali məktəblərdə təhsil haqları ilə bağlı müzakirələr yenidən gündəmə gəlir. Bəs bu il hansı universitetlərdə qiymətlər artacaq, hansılarda isə əvvəlki qaydada qalacaq? Mövzu ilə əlaqədar Metbuat.az universitetlər arasında sorğu keçirib. Sorğumuza cavab olaraq Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Kəmalə Namazova bildirib ki, 2025/2026-cı tədris ili üzrə Bakı Dövlət Universitetində təhsil haqları ilə bağlı hər hansı əhəmiyyətli dəyişiklik nəzərdə tutulmayıb: “Bu qərar ali təhsilin maliyyə baxımından əlçatanlığının təmin edilməsi, eləcə də tələbələrin və onların ailələrinin sosial-iqtisadi vəziyyətinin nəzərə alınması məqsədi ilə qəbul edilib. Eyni zamanda qeyd edirik ki, hazırda Bakı Dövlət Universitetinə qəbul olunan tələbələrin orta hesabla 70 faizi dövlət sifarişi əsasında təhsil alır. Ödənişli əsaslarla qəbul edilən tələbələr isə təhsil haqqının ödənişində çevik mexanizmlərdən yararlana bilirlər. Belə ki, onlar qəbul zamanı təhsil haqqının 50 faizini ödəməklə qeydiyyatdan keçə, qalan məbləği isə semestr imtahanları dövründə tamamlaya bilərlər”. Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı bildirib ki, bu il təhsil haqlarının artımı ilə bağlı hər hansı dəyişiklik yoxdur. Xəzər Universitetinin İctimai Əlaqələr və Media şöbəsinin direktoru Əlövsət Əmirbəyli də növbəti tədris ilində tələbələrin illik təhsil haqlarında artım olmayacağını qeyd edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şəhanə Müşfiq 2025/2026-cı tədris ilində təhsil haqlarının artmayacağını söyləyib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, 2025/2026-cı tədris ilindən etibarən bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə illik təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qalxıb. Yeni təhsil haqqı yalnız cari ildən etibarən qəbul olunacaq tələbələrə şamil edilir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova qeyd edib ki, təhsil haqlarında artım yoxdur. ADA Universitetinin mətbuat katibi Samirə Ağayeva sorğumuza cavab olaraq bildirib ki, keçən il ilə müqayisədə bu tədris ilində bakalavr proqramlarının təhsil haqqında artım yoxdur. Azərbaycan Dövlət və Neft Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentindən Elnur Mədətoğlu bu il təhsil haqlarında artımın olmadığını deyib. Onun sözlərinə görə, təhsil haqları keçən il olduğu kimi qalacaq. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev isə bildirib ki, hazırda təhsil haqlarının artırılması ilə bağlı hər hansı bir proses həyata keçirilmir: “AzMİU-da təhsil haqları əvvəlcədən müəyyənləşdirilərək Elm və Təhsil Nazirliyi vasitəsilə Nazirlər Kabinetinə təqdim olunur və təsdiqlənir. Daha sonra təsdiqləndikdən sonra ictimaiyyətə bu barədə məlumat verilir. Artıq abituriyentlər, onların valideynləri və təhsil ictimaiyyəti bilir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində növbəti il üçün təhsil haqqı nə qədər olacaq. Hazırda yeni tədris ilinə ay yarım vaxt qalıb və bu müddət ərzində təhsil haqlarında heç bir artım olmayıb”. O qeyd edib ki, universitetdə ixtisasların təhsil haqqı, əsasən 2000 manat təşkil edir: “Elə ixtisaslar da var ki, onların kadr hazırlığı dünyada da bahalıdır. Bu ixtisaslarda laboratoriya avadanlıqları və tədris vəsaitlərinin təmin olunması kimi məsələlər xüsusi önəm daşıyır. Məhz bu səbəbdən həmin ixtisaslar üzrə təhsil haqqı 2500 manatdır. Lakin ixtisasların böyük əksəriyyəti üzrə təhsil haqqı 2000 manatdır və bu məbləğ 2025/2026-cı tədris ili üçün də dəyişmədən qalması planlaşdırılır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
134
13
metbuat.az

10Mənbələr