AZ

Cəbrayılda “Şəfəq” GES-in tikintisinə ilin sonunda başlanacaq, 2027-ci ildə yekunlaşacaq

BAKI, 30 iyul. TELEQRAF

"Hazırda Cəbrayılda tikiləcək “Şəfəq” günəş elektrik stansiyası (GES) layihəsi üzrə podratçıların cəlbi, işçi qüvvəsinin yığılması və avadanlıqların quraşdırılması prosesləri gedir. İlin sonuna doğru tikinti işlərinə başlanılacaq. Stansiyanın tikintisi 2027-ci ildə yekunlaşacaq".

Bu barədə Teleqraf-a "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirdi.

Tamam Bayatlı qeyd etdi ki, layihədə üç tərəfdaş var:

“İlk dəfə BP bu layihənin üzərində işləməyə başladı. Daha sonra Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan İnvestasiya Şirkəti də prosesə qoşuldu. Hələlik bütün işlər BP şirkəti tərəfindən görülür. Bakı Enerji Həftəsi çərçivəsində layihə üzrə yekun investasiya qərarı qəbul edildi. Bu isə o deməkdir ki, ilin əvvəlindən bəri layihə üzrə işlər artıq başlayıb”.

Qurum rəsmisi bildirdi ki, “Şəfəq" stansiyası tikildikdən sonra burada istehsal ediləcək elektrik enerjisi “AzərEnerji”yə ötürüləcək:

“Növəbti mərhələdə eyni həcm Bakı yaxınlığında yerləşən “Səngəçal” terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, "Şəfəq" və “Səngəçal” terminalının elektrikləşdirilməsi (STEL) layihələri birlikdə “Səngəçal”ın gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq”.

T.Bayatlı əlavə etdi ki, hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə söküləcək və bu da istifadə olunmayan yanacaq qazı həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

Şirkətin mətbuat xidmətinin rəhbəri bildirdi ki, layihə təxminən 200 milyon dollar dəyərindədir:

“Tikinti işlərində əsasən yerli resurslardan istifadə olunacaq. İşlərin 2027-ci ilin ortalarınadək davam edəcəyi gözlənilir. Tikinti işlərinin pik dövründə 400-ə qədər yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır".

Seçilən
6
teleqraf.com

1Mənbələr