AZ

Dambrauskas: “Petrokub”a yuxarıdan aşağı baxmaq olmaz”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Petrokub”la cavab matçından gözləntisini açıqlayıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Moldova klubları arasındakı cavab görüşü sabah Masazırda keçiriləcək.

Dambrauskas oyundan bir gün əvvəl jurnalistlər üçün təşkil olunmuş brifinqdə bunları söyləyib:

“İlk oyun nəticə bizim üçün uğurlu alınsa da, hələ heç nə bitməyib. Avrokubok oyunlarında rəqibə yuxarıdan aşağı baxmaq olmaz. 2:0 qalib gəlsək də, rəqibin gücünü bilirik. Çalışacağıq ki, sabah ən yaxşı oyunumuzu keçirək. Yaxşı bərpa keçmişik. Yenə qeyd etmək istəyirəm ki, nəticə bizim üçün yaxşı olsa da, daha çox qollar vurmaq lazımdır. Arxayınlaşmaq olmaz. Düzdür, ilk oyunda qapımızda qol görmədik, amma bu, o demək deyil ki, qarşıdakı oyunlarda da belə olacaq. Bizim üçün hücum xətti də, müdafiə də eynidir”.

Dambrauskas komandasının ilk oyundakı çıxışına da toxunub:

“Əlbəttə, uşaqların oyunundan, əsasən də, son 10 dəqiqədə razı qaldım. Amma ilk hissənin əvvəllərindəki və ikinci hissənin ortalarında göstərdikləri performans o qədər də yaxşı deyildi. Bütün bunlara baxmayaraq, mən futbolçularımın işgüzarlığından razıyam. İstəyirəm ki, komandam dominant futbol oynasın”.

Xatırladaq ki, sabah “Masazır Arena”da baş tutacaq “Sabah” – “Petrokub” matçına saat 20:00-da start veriləcək. İlk oyunda Masazır təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Seçilən
8
1
arena.az

2Mənbələr