AZ

Xəzərdə kazino biznesinin yolu rəsmən açıldı...


Ramin Qafarov: “Turizm sektorunun inkişafında kazino sənayesinin rolu böyükdür”

Kazino biznesi dünya iqtisadiyyatının dinamik və gəlirli sahələrindən biri sayılır.

Qlobal miqyasda bu sektor yalnız əyləncə və turizm sahəsinin bir hissəsi deyil, eyni zamanda böyük vergi gəlirləri, yeni iş yerlərinin yaradılması və regionların iqtisadi dirçəlişin əsas qolu hesab edilir. Statistik göstəricilərə görə, qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardır və bu rəqəmin ilbəil artması proqnozlaşdırılır. Məlumdur ki, artıq Azərbaycanda da kazino biznesi üçün yeni imkanlar açılıb. Belə ki, Prezident İlham Əliyev bununla bağlı Mülki, Cinayət, İnzibati Xətalar məcəllələrinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib. Bundan əlavə, Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Məlumdur ki, 25 ildən artıqdır, ölkəmizdə kazinoların fəaliyyəti dayandırılıb. AncaqAzərbaycanda kazino həvəskarlarının sayı heç də az deyil və həmin şəxslər qumar oynamaq üçün xarici ölkələrə üz tutur. Əsasən, vətəndaşlarımız qumar oynamaq Gürcüstan,Kipr və Monteneqro kazinolarına üz tutur.

Ekspertlər hesab edir ki, ölkədə kazino biznesinin inkişaf etməsi əhəmiyyətlidir. Ölkə daxilində kazinoların fəaliyyətə başlaması turizmə, üstəlik iqtisadi inkişafa səbəb olacaq. Onu da bildirək ki, kazino biznesi turizm sektoruna verdiyi töhfə ilə seçilir. Las Veqas, Monako, Makao və Batumi kimi şəhərlər, əslində, kazinolar sayəsində beynəlxalq turizmin mərkəzinə çevrilib. Bu isə otelçilik, restoran, əyləncə, nəqliyyat və digər xidmət sahələrində minlərlə iş yerinin yaranmasına səbəb olub.

“Yeni qərar sayəsində Azərbaycan turizmi yeni inkişaf yoluna qədəm qoyacaq”

Turizm sahəsi üzrə ekspert Ramin Qafarov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda kazinoların fəaliyyəti ölkəyə daha çox turist cəlb edəcək: “Kazino sənayesi dünya miqyasında həm maddi gəlir, həm də sosial-mənəvi risqlərlə müşayiət olunan spesifik bir sahədir. Kazino sənayesi çox gəlirli sahədir. Turizm sektorunun inkişafında kazino sənayesinin rolu böyükdür. Hansı ölkələr bu sahəyə maraq göstərirsə, həmin ölkələr beynəlxalq turizm bazarından daha çox turist cəlb edə və böyük gəlirlərə nail ola bilir. Artıq ölkəmizdə kazino ilə qaydalar dəyişdi. Bu dəyişiklik ölkədən çıxan valyutanın qarşısını alacaq, həm də xaricdən bu sahəyə valyutanın axınını artıracaq. Eyni zamanda, hotellərdə xarici turistlərin yerləşmələrinin sayı da artacaq. Ümumiyyətlə, kazino sənayesi böyük pulların dövriyyə olunması deməkdir. Yeni qərar sayəsində Azərbaycan turizmi yeni inkişaf yoluna qədəm qoyacaq”

Günel CƏLİLOVA

Seçilən
11
baki-xeber.com

1Mənbələr