AZ

Ana dilimiz  mənəvi sərvətimizdir

 

    Azərbaycan xalqının  ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
       Ötən əsrin əvvəllərində AXC-nin rəsmi dövlət dili kimi elan olunan ana dilimiz cümhuriyyətimizin  süqutundan sonra məqsədli şəkildə basqılara məruz qaldı. İmperiya cəlladları tərəfindən milli təfəkkürlü ziyalılarımızla yanaşı, dilimizə də divan tutuldu. Yurdumuzda ana dilimiz küncə sıxışdırılaraq yabançı, bizə yad olan başqa dilin məişətimizə qədər gətirilməsinə cəhd göstərdildi, doğma ana dilimizi unutdurmağa çalışdılar. 
        Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə siyasi hakimiyyətə gələn dahi azərbaycanlı Heydər Əliyev milli xilaskar kimi ana dilimizi qorumaqla və digər fövqəl xidmətləri ilə özünəqayıdış, özünüdərkə gedən yolun əsasını yaratdı.1969-cu ilin iyul ayında respublikamızın rəhbəri seçilən Heydər Əliyev, cəmi bir-neçə aydan sonra indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söyləmişdi. Çünki həmin dövrdə belə bir addım, həqiqətən, böyük bir cəsarət tələb edirdi. Həmin cəsarətli çıxışından sonra – sovetlər dönəmində Ulu Öndərimiz daha bir tarixi addım addım atdı. Məlumdur ki, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-nin tərkibində olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Belə ki, Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi Ulu Öndərin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir”, - deyən Ümummilli Liderin qətiyyəti nəticəsində 1978-ci ildə  Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə daxil edildi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
        Xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı kimi məsələlərlə yanaşı, Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsini də daim diqqət mərkəzində saxlayırdı. Məhz bu diqqəti sayəsində Ümummilli Lider ana dilimizin gerçək adını da özümüzə qaytardı. Müstəql Azərbaycanın rəhbəri kimi Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunub saxlanmasını və inkişaf etdirilməsini dövlət quruculuğunun prioritet istiqamətlərindən biri hesab edərək ana dilimizə dövlət qayğısını artırdı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif fikirlər səsləndirildi, təkliflər irəli sürüldü və onların böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Məhz onun sayəsində latın qrafikalı əlifbaya keçid prosesi sürətləndi və bununla da qardaş türk xalqlarına daha da yaxınlaşma dövrü başlandı. Ümummilli Liderin Azərbaycan dilinin dövlət statusunun təmin edilməsi ilə bağlı təsdiq etdiyi sənədlər ədəbi dilin daha da zənginləşdirilməsi, tətbiq dairəsinin genişləndirilməsi baxımından olduqca səmərəli oldu. Ulu Öndərin avqustun 1-nin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında imzaladığı tarixi fərman ana dilimizə olan sevginin, dəyərin nəticəsi, qədim mədəniyyətimizə, zəngin mənəvi irsimizə böyük diqqət və qayğının əyani sübutu idi.
     Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ana dilinə xüsusi qayğı göstərən dövlət başçısı qloballaşan və informasiya dünyası şəraitində Azərbaycan dilinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır və görülən işlər fərəh doğurur. Ölkə Prezidenti cənab  İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncamlarına əsasən növbəti illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmış və ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşdirilmişdir.  
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ana dilimizə heyranlığını, ehtiramını, sevgisini  əməli işi ilə sübut etmiş Prezident İlham Əliyevin qeyd etdiyi kimi müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli- mənəvi dəyərlər olub. 

                           Yeni Azərbaycan Partiyası 
                           Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov

Seçilən
0
45
ikisahil.az

10Mənbələr