“YAŞAT” Fondunun təşkilatçılığı, “NEQSOL Holding”in, “Norm” ASC-nin və “Bakcell”in sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda üçüncü “YAŞAT” yay məktəbi davam edir.
Yay məktəbi “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılır və London Universitet Kollecində (University College London – UCL) keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində iştirak edirlər.
Newscenter.az xəbər verir ki, proqram çərçivəsində zəngin ekskursiyalar da təşkil olunur. Şagirdlər dünyanın ən məşhur meydanlarından biri olan Trafalgar meydanında, Böyük Britaniyanın və dünyanın ən böyük muzeylərindən biri Britaniya muzeyində və “Chinatown”da olublar. Monarxiyanın simvolu sayılan Bukinqem sarayı, Hayd-park, Qrinviç parkı ve Qrinviç meridianına ziyarət də iştirakçıların xüsusi marağına səbəb olub.
“YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.
Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.
Ruhiyyə Mehdiyeva