"Spartak" "Qalatasaray"ın müdafiəçisi Karlos Kuesta ilə maraqlanır.
Operativ Media xəbər verir ki, bu haqda Metaratings.ru saytı məlumat yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı kolumbiyalının transferi ilə bağlı artıq danışıqlar aparılır. Türkiyə klubu futbolçunun transferi üçün 8 milyon avro tələb edir. Karlos Kuesta isə "Spartak"da illik 2–2,3 milyon avro maaş almaq istəyir. Hazırda onun maaşı illik 1,45 milyon avrodur.
“Spartak”ın “Torino”nun müdafiəçisi Saul Koko ilə bağlı transferi reallaşmasa, Kuestanı əsas namizəd kimi nəzərdən keçirəcək.
Kuesta 2023-cü ilin fevralından "Qalatasaray"da çıxış edir. O, daha əvvəl “Genk” klubunda oynayıb. 2024/25 mövsümündə kolumbiyalı müdafiəçi “Qalatasaray”ın heyətində 9 oyunda meydana çıxıb, lakin qol vura bilməyib. “Genk”in heyətində isə 13 matçda 1 qol vurub. Onun Türkiyə klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.
"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir.