AZ

Rəşad Sadıqov: “Hayduk” “Osiyek”lə eyni səviyyədədir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la cavab matçından gözləntisini bölüşüb.

Arena.az xəbər verir ki, Xorvatiya və Azərbaycan komandaları arasındakı cavab görüşü bu gün Split şəhərində keçiriləcək.

Rəşad Sadıqov dünən oyundan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşləri maraqlı oyun gözləyir. Biz məşqçilər üçün mətbuat konfransında ətraflı məlumat vermək çətindir. Bilirik ki, böyük azarkeş kütləsinin önündə yaxşı bir komandaya qarşı oynayacağıq. Bu gözəl atmosferdə yaxşı nəticə qazanmaq istəyirik”.

Rəşad Sadıqov komandasındakı itkilərə də toxunub:

“Brahim Konate ilk oyunda zədələnib. Anje Mutsinzi viza problemi səbəbindən buraya gələ bilməyib. Bunlardan əvvəl də itkilərimiz var idi. Bir neçə futbolçumuz zədəli idi. Təlim-məşq toplanışında müəyyən uğursuzluqlar yaşamışdıq. Salifu Suma komandadan ayrıldı. Rafael Utziq bizə gec qoşuldu. Eldar Quliyev, Yeqor Boqomolski, Vensan Till zədə almışdılar. Bunlar ilk oyundan əvvəlki itkilərimiz idi. Amma cavab oyunundan əvvəl daha iki itki ilə üzləşdik – Mutsinzi və Konate. Əlbəttə, hər bir məşqçi istəyər ki, avrokubok oyunu öncəsi bütün futbolçuları əlinin altında olsun, hamıdan istifadə edə bilsin. Amma bu itkilər də futbolun bir hissəsidir. Sadəcə, bizdə daha çox oldu. Düşünürəm ki, komandamız xarakterli, möhkəm bir kollektivdir və futbolçularımız itkilərimizi oyun zamanı hiss etdirməyəcəklər. Hər zaman çalışmışıq ki, güclü kollektiv formalaşdıraq, oyunumuz hər hansısa bir futbolçu üzərindən qurulmasın. Bu tip situasiyalara əvvəllər də düşmüşük. İnşallah, “Hayduk”la oyunda da itkiləri hiss etdirməməyə çalışacağıq. Digər futbolçulara rahat şəkildə şans verəcəyik. Şübhəm yoxdur ki, meydana çıxanlar Mutsinzidən, Konatedən və digər zədəli futbolçularımızdan daha yaxşı çıxış edəcəklər. Onlar üçün də yaxşı bir fürsət olacaq ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Fikrimcə, bundan yararlanacaqlar”.

Rəşad Sadıqov cavab görüşü öncəsi şansları bərabər qiymətləndirib:

“Cavab oyunu öncəsi favorit görmürəm. Bizim müəyyən qədər avrokubok təcrübəmiz var. Bilirik ki, bəzən cütün taleyi ilk oyunun nəticəsindən asılı olmur. Çox şey cavab görüşündə həll olur. Sadəcə, vacib olan budur ki, cavab oyununa mərhələ adlamaq şanslarını yüksək saxlayaraq çıxasan. Biz ilk matçda sərgilədiyimiz oyunla cavab görüşündə də mərhələ keçmək şansımızın olduğunu göstərdik. Rəqibin azarkeşləri qarşısında oynayacağıq. “Hayduk” üçün yeganə üstün tərəf bu ola bilər. İnşallah, futbolçularımız 30 min rəqib azarkeşi qarşısında zövq alaraq oynayacaqlar. Bu qədər azarkeş qarşısında oynamaq hər zaman qismət olmur. Yaxşı bir fürsətdir ki, gördüyümüz işdən həzz alaq”.

Rəşad Sadıqov “Zirə”nin ötən mövsüm qarşılaşdığı “Osiyek”lə indiki “Hayduk” arasında müqayisələrə də toxunub:

“Komandalar arasında müqayisə aparmağı sevmirəm. “Osiyek” həmin vaxt çox yaxşı formada idi. Sonra ölkə çempionatını uğursuz başa vurdular. Amma biz onlarla qarşılaşdığımız dövrdə uğurlu oyunlar keçirmişdilər. Bizdən əvvəlki mərhələdə də inamlı qələbə qazanmışdılar və yüksək psixoloji durumda idilər. Hər iki oyun gərgin və maraqlı keçdi. İndiki “Hayduk”la çempionatdakı “Hayduk” arasında fərq var. Rəqib olaraq indiki “Hayduk” daha təhlükəlidir. Bunda yeni baş məşqçinin də rolu var. “Osiyek”lə “Hayduk”u da eyni səviyyədə qiymətləndirərəm”.

Seçilən
19
50
arena.az

10Mənbələr