AZ

ABŞ Meksika ilə ticarət danışıqlarını 90 gün uzadacaq

ABŞ Prezidenti Donald Tramp Meksika Prezidenti Klaudiya Şeynbaum ilə telefon danışığı keçirib və tərəflər ölkələr arasında mövcud ticarət razılaşmalarının 90 gün müddətinə uzadılması barədə razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ lider özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Biz son razılaşmanı eyni şərtlərlə 90 gün müddətinə uzatmağa razılaşdıq. Daha dəqiq desək, Meksika fentanil üçün 25 %, avtomobillər üçün 25 %, polad, alüminium və mis üçün 50 % həcmində rüsumlar ödəməyə davam edəcək. Bundan əlavə, Meksika çoxsaylı qeyri-tarif ticarət maneələrini dərhal aradan qaldırmağa razılaşıb”, - Tramp bildirib.

O, həmçinin qeyd edib ki, qarşıdakı 90 gün ərzində tərəflər ticarət sazişi üzrə danışıqları davam etdirəcəklər. Bundan əlavə, Tramp əlavə edib ki, ABŞ və Meksika sərhəddən narkotik qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün əməkdaşlığı davam etdirəcək.

Öz növbəsində Klaudiya Şeynbaum Ağ Evin sahibi ilə telefon danışığını “çox yaxşı” kimi qiymətləndirib. “Sabaha planlaşdırılan tarif artımından qaça bildik və dialoq əsasında uzunmüddətli saziş hazırlamaq üçün 90 günlük müddətə razılaşdıq”, - o “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xatırladaq ki, iyulun 12-də Tramp “Truth Social”da Şeynbauma ünvanlanmış məktubu dərc edib və orada avqustun 1-dən ABŞ-yə Meksikadan idxal edilən mallara 30 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, Meksika kartellərin ABŞ-də narkotik vasitələrin yayılmasının və fentanil qaçaqmalçılığının qarşısını almaq üçün kifayət qədər iş görməyib.

Seçilən
105
4
bakivaxti.az

10Mənbələr