Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 8,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayında qeyd olunub.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 2025-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 34 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,3 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,8 milyon ABŞ dolları ilə Lüksemburq, 436 min ABŞ dolları ilə Nigeriya, 385,1 min ABŞ dolları ilə Türkiyə, 357,9 min ABŞ dolları ilə Misir qərarlaşıb.