Lerik rayonunun Cəngəmiran kəndində bədbəxt hadisə nəticəsində rabitəçi həyatını itirib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, "AzTelekom"un Lerik rayon şöbəsində mantyor işləyən, rayon sakini 1972-ci il təvəllüdlü Sərdar Bali oğlu Həmidov kənddə aparılan təmir-bərpa işlərinə cəlb olunubmuş. O, dirəkdə iş görən zaman elektrik cərəyanı onu vurub və aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Mərhumun meyiti daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Məlumata görə, Sərdar Həmidov rabitə sahəsində 10 ildən artıq müddət ərzində çalışıb. Hadisənin baş verdiyi gün onun 53 yaşı tamam olub. Ailəli idi, iki övladı var.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır