Şabran torpağında yetişməyən məhsul yoxdur. Hər birinin də ayrı-ayrılıqda öz yeri var. Amma deyirlər ki, taxılın dəyəri, əhəmiyyəti başqadır. Taxılsız kəndlinin çörək təknəsinin bərəkəti olmaz.
Bəllidir ki, Şimal bölgəsi digər ərazilərə nisbətən yazı gec qarşılayır. Üstəlik də bu yaz əvvəlki illərdən fərqli olaraq havalar kənd təsərrüfatı üçün o qədər də əlverişli keçmədi. Buna baxmayaraq, şabranlı kəndli və fermerlər əllərini işdən-gücdən soyutmadılar. Bol məhsul, o cümlədən taxıl yetişdirmək üçün bütün qüvvələrini səfərbər etdilər. Zəmilərdə bütün işlər texniki qaydalara uyğun görüldü. Suvarma, vegetasiya suvarmaları uğurla aparıldı, yemləmə gübrəsi vaxtında verildi. Gəmiricilərlə mübarizə də unudulmadı.
Biçinə start veriləndən sonra da təbiət Şabran kəndlisindən "sürpriz"lərini əsirgəmədi. İlk həftədə demək olar ki, texnikanın sahələrə girməsi mümkün olmadı. Amma şabranlılar yenə də ruhdan düşmədilər, ölkəmizin təknəsinə bacardıqca daha çox çörək vermək üçün bütün imkanlarını səfərbər etdilər.
Qeyd edək ki, bu il Şabran rayonunda 14 min 745 hektar sahədə taxıl əkini aparılıb. Bunun 8 min 402 hektarı buğda, 6 min 343 hektarı arpa idi. Buğda biçini göstərdi ki, məhsuldarlıq əvvəlki illərdə olduğundan yüksəkdir - 29,2 sentner. Arpa sahələrində də göstəricilər ürəkaçandır. "Şabran Aqrokompleks", "Turaz", "Elit", "Çıraqqala aqro", "Dostluq", "Green Tree" MMC-lər biçində fərqlənmişlər. Fermerlərdən Əli Həsənov, Kənan Pənahov, Elmar Dadaşov biçinin mütəşəkkil keçdiyini bildirirlər. Vurğulayırlar ki, taxıl bol olanda kəndlinin əhvalı da, dolanışığı da yaxşı olur. Taxıl elə bir bərəkətdir ki, onu heç nə ilə əvəz etmək mümkün deyil.
Öyrənirik ki, biçin zamanı təhlükəsizlik qaydalarına da ciddi riayət olunub. Əvvəlki illərdə bəzi taxıl sahələrində yanğınlar olmuş, kəndlilər itki ilə üzləşmişdilər. Bu il isə biçin zamanı sahələrin ətrafı şumlanmış, axşamlar taxıl zəmilərinin yerləşdiyi ərazilərdə enerji xətləri söndürülmüşdür. Bu da zəmiləri gözlənilən təhlükələrdən qorumuşdur.
Bu dəfə biçinin mütəşəkkil keçməsi üçün sahələrə 32 kombayn səfərbər olunmuşdu. Onların 16-sı "Aqroservis" ASC-yə, 16-sı isə fiziki-hüquqi şəxslərə məxsusdur. Son 10 gündə ətraf rayonlardan daha 6 kombayn şabranlıların köməyinə gəlmişdi. Biçin başa çatandan sonra kombaynlar Quba və Qusar rayonlarına yollanıb.
Şabran kəndlisinin sahəsində indi üzüm, fındıq, qoz, alma və digər məhsullar də yetişməkdədir. Bərəkətli olsun!
Akif ƏLİYEV,
"Azərbaycan"