AZ

Türkiyənin dağıdıcı zəlzələyə görə kompensasiya tələbi hüquqi cəhətdən çətin görünür...


“Türkiyədə baş vermiş zəlzələ ilə bağlı yayılan məlumatlar, xüsusilə də süni intellekt texnologiyası ilə işləyən bəzi sistemlərin bu fəlakəti əvvəlcədən təxmin etdiyinə dair iddialar cəmiyyət arasında ciddi rezonans doğurub. Həqiqətən də, əgər Google və onunla əməkdaşlıq edən qurumlar vaxtında məlumat paylaşsaydılar, insan tələfatının az qala biləcəyini düşünmək olduqca təbiidir. Lakin bu məsələ təkcə texnologiyanın imkanları ilə deyil, həm də hüquqi və etik çərçivələrlə sıx bağlıdır”. Bunu baki-xeber.com-aAzərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Türkiyə Google-dan kompensasiya tələb edə bilərmi?” sualına cavab olaraq bildirib.
E.Abbasovun sözlərinə görə, beynəlxalq hüquqi praktikada süni intellektin verdiyi ehtimallar əsasında bir texnologiya şirkətinin hər hansı dövlət qarşısında məsuliyyət daşıması presedentsizdir: “Google rəsmi seysmoloji mərkəz deyil və bu kimi təxminlərin dəqiq və etibarlı xəbərdarlıq forması kimi qəbul olunması üçün hüquqi baza çox zəifdir. Belə olan halda, Türkiyənin Google-dan birbaşa kompensasiya tələb etməsi hüquqi cəhətdən çətin görünür.
Lakin etik baxımdan məsələ fərqlidir. Əgər bu məlumatlar şirkət daxilində məlum idisə və paylaşılmadısa, bu, texnoloji şirkətlərin cəmiyyət qarşısında etik məsuliyyətini gündəmə gətirir. Bu kontekstdə gələcəkdə süni intellektlə işləyən sistemlərin verdiyi risk siqnallarının necə paylaşılmalı olduğu, bu məlumatların rəsmi qurumlarla inteqrasiyası və cavabdehlik mexanizmləri təcili olaraq müzakirə olunmalıdır.
Nəticə olaraq qeyd etmək lazımdır ki, bu hadisə texnologiya şirkətlərinin təkcə innovasiya deyil, həm də ictimai məsuliyyət daşımalı olduğunu bir daha göstərdi. Hazırkı halda hüquqi kompensasiya tələb etmək çətin olsa da, bu kimi halların gələcəkdə qarşısının alınması üçün beynəlxalq texnoloji etik kodekslərin və tənzimləyici mexanizmlərin formalaşdırılması zəruridir”-deyə E.Abbasov bildirdi.
Qeyd edək ki, iki il sonra Google Türkiyədə 10 milyon insanın dəhşətli zəlzələ ilə bağlı düzgün xəbərdarlıq almadığını etiraf edib.Məhz Google-un vaxtında xəbərdarlıq etməməsinə görə Türkiyədə baş verən dəhşətli zəlzələnin çoxlu qurbanları oldu - 55 mindən çox insan öldü, 100 mindən çox insan yaralandı.
İradə SARIYEVA

Seçilən
16
baki-xeber.com

1Mənbələr