AZ

Şahin Şıxlinski İlham Əliyevə müraciət etdi: “Ədalət bərpa olunana qədər...”

ain.az, Ayna portalına istinadən məlumat yayır.

Diapor rəhbəri Azərbaycan Prezidentindən yardım istəyir: “Səfirliyin qonaq evinə sığınmaq məcburiyyətində qalmışam”

Rusiyanın Azərbaycana yönəlik qərəzli kampaniyası çərçivəsində bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələrinə qarşı təxribatlar davam edir. İctimaiyyət hər gün Rusiyada hansısa azərbaycanlı iş adamı və ya ictimai xadimin saxlanılması barədə xəbərlər alır.

Xatırladaq ki, bu qəbildən olan ən səs-küylü əməliyyat Yekaterinburqda Azərbaycan diasporunun Sverdlovsk vilayəti üzrə rəhbəri Şahin Şıxlinskinin axtarışa verilməsi, oğlu Mutvalı Şıxlinskinin isə saxlanılması oldu. Hazırda Şahin Şxılinski Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinə sığınıb.

Bu gün mövcud çətin vəziyyətlə bağlı Ş.Şıxlinski Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Dövlət başçısına və Birinci vitse-prezidentə dərin ehtiramını bildirən diaspor rəhbəri müraciətdə öz fəaliyyəti barədə məlumat verib. Diaspora lideri kimi işinə Azərbaycan dövləti tərəfindən yüksək qiymət verildiyini bildirən Ş.Şıxlinski, Azərbaycan Respublikası Prezidentinin 13 mart 2006-cı il tarixli, 1355 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı, 21 aprel 2022-ci il tarixli, 3224 nömrəli Sərəncamla isə “Dostluq” ordeni ilə təltif edildiyini də xatırladıb.

O bildirib ki, müxtəlif illərdə Rusiya Federasiyasının Sverdlovsk vilayəti rəhbərliyi tərəfindən Rusiya-Azərbaycan dostluğunun möhkəmləndirilməsinə və vətəndaş cəmiyyətinə verdiyi töhfələrə görə dəfələrlə təşəkkürnamələr və mükafatlarla təltif edilib.

Uzun illərdir ki, Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri vəzifəsini yerinə yetirməklə yanaşı, Şıxlinski vətəni Azərbaycanla bağlarını heç zaman qoparmayıb. Bakı şəhərində, Qazax və Qax rayonlarında onun təşəbbüsilə müəssisələr və iaşə obyektləri açılıb və fəaliyyət göstərməkdədir. Bu obyektlərdə yüzlərlə azərbaycanlı işlə təmin olunub və dövlət büdcəsinə vergi ödənilir.

O, qeyd edib ki, Azərbaycan vətəndaşlığından imtina etməyib və hal- hazırda həm Azərbaycan, həm də Rusiya vətəndaşlığını daşıyır.

Bu müraciəti ölkə rəhbərliyinə son dərəcə narahatedici və hüquqazidd bir hadisə ilə bağlı ünvanladığını diqqətə çatdıran diaspor rəhbərinin müraciətində deyilir:

“2025-ci il iyulun 1-də, Yekaterinburq şəhərində yerləşən “Bakı Plaza”nın yaxınlığında, mən və oğlum Mutvalı Şıxlinski avtomobildə olduğumuz zaman, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları oğlumun idarə etdiyi avtomobilə qəfil hücum edib, bizə qarşı kobud və qeyri-insani rəftar ediblər. Bizi zor tədbiq edərək avtomobildən çıxarıb, yerə yıxıblar, bizə qarşı psixoloji və fiziki təzyiq göstəriblər, ünvanımıza btəhqiramiz ifadələr işlədiblər.

Daha sonra, 16 iyul 2025-ci il tarixində oğlum Mutvalı Şıxlinski, guya, hüquq-mühafizə orqanlarının əməkdaşlarına zor tətbiq etdiyi iddiası ilə həbs olunub. Halbuki, sosial şəbəkələrdə və televiziya kanallarında yayımlanan videogörüntülərdə bu ittihamların tamamilə əsassız olduğu açıq-aşkar görünür. Əslində, hadisənin zərərçəkən tərəfi biz olmuşuq.

Əməkdaşlar tərəfindən bizə bildirilib ki, bu davranışların səbəbi son dövrlərdə Azərbaycan ilə Rusiya arasında yaşanan siyasi gərginliklərdir. Bütün bunlar bizə qarşı aparılan qərəzli və siyasi motivli münasibətin bariz nümunəsidir. Qeyd etmək istərdim ki, həm mən, həm də oğlum vəkil statusuna malikik və hüquqazidd heç bir hərəkətə yol verməmişik.

Baş verən hadisədən sonra, ailəmin və şəxsimin təhlükəsizliyi üçün ciddi təhdid hiss etdiyimdən, Azərbaycan Respublikasının Moskvadakı səfirliyinin qonaq evinə sığınmaq məcburiyyətində qalmışam”.

Şahin Şıxlinski həm Prezident İlham Əliyevdən, həm də Birinci vitse-prezident Mehriban Əliyevadan ona və oğluna qarşı qaldırılmış əsassız və qeyri-qanuni cinayət işinin ədalətli araşdırılması üçün məsələni nəzarətə götürməyi xahiş edir:

“Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının və Moskvadakı səfirliyimizin bu məsələdə hüquqi və mənəvi dəstəyini təmin etməyinizi xahiş edirəm. Ədalət bərpa olunana qədər Azərbaycan səfirliyinin qonaq evində müvəqqəti sığınacaqla təmin edilməyim üçün yardımçı olmağınız bizim üçün çox önəmlidir. Əvvəlcədən göstərəcəyiniz diqqət və qayğıya görə dərin təşəkkürümü bildirir, Sizə möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
ayna.az

2Mənbələr