"Sabah" gözlənildiyi kimi, mərhələni rahat keçdi. Düzdür, rəqib zəif olduğu üçün qəti fikir söyləmək çətindi, amma hiss olunur ki, Damrauskas yavaş-yavaş öz fəlsəfəsini oturtmağa başlayıb. Bu cür davam eləsə, komandanın qrup mərhələsinə düşmək şansı yüksəkdir.
"Zirə" və "Araz Naxçıvan"ın püşkdə bəxti gətirməmişdi. Hər ikisi güclü rəqiblə düşmüşdü. Xüsusilə "Zirə" Xorvatiya çempionluğunu 2 xallıq fərqlə qaçırdan komandaya qarşı oynamalı idi. İnsaf naminə "Zirə" layiqli mübarizə apardı. Sadəcə, bu cür rəqiblərlə oyunlarda mərhələ keçmək üçün ev oyununda qələbə qazanmaq lazımdı. "Zirə" isə bunu bacarmadı. Səfərdə əlindən nə gəlir etdi, 10 nəfərlə son dəqiqədə qol da vurdu. Lakin təəssüf ki, bir nəfər azlıqda, özü də səfərdə güclü rəqiblə əlavə yarım saat oynamağa güc çatmadı.
"Zirə"dən fərqli, "Araz Naxçıvan" məhz ev qələbəsi sayəsində mərhələni keçdi. Özü də "Aris" zəif rəqib sayılmamalıdır. Şəxsən mən ilk oyundakı qələbəyə baxmayaraq, cavab oyununda yunanları favorit görürdüm. "Araz Naxçıvan" yaxşı mənada məni təəccübləndirdi. Xüsusilə ilk hissədə vurduğu iki qolla. Düzdür, fasilədən sonra hər şey 180 dərəcə dəyişdi. Rəqibin aramsız təzyiqinə dözməyən "Araz Naxçıvan" öncə azlıqda qaldı, ardında qələbə hesabını əldən verdi. Bəxtimiz gətirdi ki, yunan təmsilçisi bərabərlik qolunu 90-cı dəqiqədə vurdu. 10 dəq tez vursaydılar 3-cünü də vuracaqdılar. Əlavə vaxtda iki 100 faizlik epizod əldə etmələri, Avramın komandasını real qoldan xilas etməsi də buna sübut sayıla bilər. İstənilən halda, tarixində ilk dəfə avrokuboklara qatılan "Araz Naxçıvan"ı əzmkar oyuna və mərhələ keçməsinə görə təbrik etmək lazımdır. "Omoniya" ilə oyunlar daha ağır olacaq. Nəzərə alaq ki, rəqib "Araz Naxçıvan"dan fərqli olaraq, bu mərhələdə daha zəif rəqiblə düşmüşdü və mərhələni elə də çox güc sərf etmədən keçdi. Üstəlik, kiprlilər daha təcrübəlidir. "Araz Naxçıvan"ın isə bu cür ağır oyunlardan sonra qısa müddətdə tam bərpa olunması da çətin məsələdir. Amma "Omoniya" səddi keçilməsə belə, Naxçıvan təmsilçisi üzərinə düşən missiyanı yerinə yetirmiş sayıla bilər.
Anar XANLAROV