“Yay mövsümündə dənizlə təmas uşaqlar üçün həm fiziki, həm də psixoloji baxımdan faydalıdır. Dəniz havası, günəş və hərəkət immun sistemini gücləndirə bilər. Amma son illərdə biz həkimlər olaraq müşahidə edirik ki, dənizdən sonra uşaqlarda müxtəlif infeksion əlamətlər – öskürək, qızdırma, qusma, ishal və qarın ağrısı ilə müraciətlər artmaqdadır”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında pediatır, infeksionist Aytən Ziyadova bildirib. Həkim məsələ ilə bağlı bir sıra məqamları diqqətə çatdırıb:
“Bu hallar əsasən iki səbəblə bağlı ola bilər: birincisi, çimərlik suyunun və qumun mikrobioloji baxımdan təmiz olmaması; ikincisi isə gigiyena qaydalarına əməl olunmaması. Uşaqlar qumlu əllə ağızlarına, gözlərinə toxunur, dəniz suyunu udurlar və bu, virus, bakteriya və parazitlərin orqanizmə keçməsi üçün şərait yaradır. pizza hut
Qeyd etməliyəm ki, bu simptomlar sadəcə soyuqdəymə deyil, rotavirus, adenovirus, enterovirus, bəzi hallarda isə bağırsaq parazitləri ilə bağlı ola bilər. İnfeksiya əlamətlərini ciddiyə almaq və vaxtında həkimə müraciət etmək vacibdir”.
A.Ziyadova uşaqları dəniz və çimərlik infeksiyalarından qorumaqla bağlı valideynlərə aşağıdakı tövsiyələri verib:
“Çox sadə, amma vacib qaydalara riayət etməklə bu riskləri minimuma endirmək mümkündür:
Yalnız rəsmi və sanitar nəzarətdən keçmiş çimərliklərə gedilməlidir.
Uşaq dənizdən çıxan kimi təmiz su ilə yuyulmalı, islanmış geyim dərhal dəyişdirilməlidir.
Qumla oynayan uşaqların əlləri tez-tez yuyulmalı, gigiyena öyrədilməlidir.
Yeməklər mütləq ev şəraitində hazırlanmalı, su isə butulkada verilməlidir.
Əgər uşaqda halsızlıq, qızdırma, qusma və ya ishal yaranarsa, dərhal pediatr-infeksionistə müraciət edilməlidir – çünki vaxtında müdaxilə daha ciddi fəsadların qarşısını alır”.
Aytac Əliyeva
Telegram kanalımız