AZ

Gəlin ər evində yavan çörəyə möhtac qalacaqsa... Cehiz, qır qızıl, ev üçün qurulan ailələr

Kulis.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kulis.az Leyla Məmmədəliyevanın "Toy edirik sevinək, yoxsa..." yazısını təqdim edir.

Toy adətləri, toy ənənəsi xalqımızın əsrlər boyu qoruyub yaşatdığı ən munis duyğularındandır. Hər bir valideynin ən müqəddəs, ən ülvi arzularından biri də oğul evləndirmək, qız köçürməkdir.

Həyatda elə bir insan tapmaq olmaz ki, övlad toyunun sevincini, nəşəsini illər uzunu sinəsində bəsləyib əzizləməsin. (Əgər gözlənilən sevinc əksinə çevrilməsə.) Baxmayaraq ki, bu tələskənlikdə biz həm də qocalıq adlanan bir məfhuma doğru irəliləyirik. Lakin biz illəri arxada qoya-qoya böyük bir sevincin - övladımızın toy sevincinin həzzini də duymağa tələsirik. Elə bu fərəhli günün izi-sorağı ilə gəlib həmin məqama yetişirik də...

Toy xalqımızın gözəl adətlərindəndir. Lakin hər şey ifrata varanda öz gözəlliyini, nəcibliyini itirir həmişə.

Adətlərimizi ifrat dərəcədə şişirdərək əcaib bir formada təqdim etməyə çalışmaq, özümüzü bilərəkdən və ya bilməyərəkdən istehza obyektinə çevirmək görəsən kimə başucalığı gətirmişdir? Adətimizdir, camaat adama nə deyər, qonşulardan, qohumlardan ayıbdır..."

Oğlan evi və ya qız evi bu işi bilməsin (tutaq ki, kirayə yaşadığı halda evi özününkü kimi təqdim edən və s) və s. və ilaxir kimi çürük fikirləri əldə bayraq edərək özünü oda-közə vuran, yüz oyundan çıxan, yüz cildə girən ədabazlara nə deyəsən? “Qonşudan qalma dala” prinsipini rəhbər tutaraq bəzi cəfəng iddiaları zor-xoşla da olsa özümüzə sırımaqla nə əldə edirik?

Bir quruca “desinlər ki...” naminə evi, maşını bir yana, şərəf və ləyaqətini belə girov qoymaqdan çəkinməyənlər nə düşünür görəsən? Hələ sələm, kredit və s. kimi yollarla pul əldə edərək şan-şöhrətli toy edənləri demirəm. Bəs sonrası?

Adət-ənənəni devizə çevirərək az qala hələ yenicə qurulacaq ailənin təməlini laxlatmağa yönəlmiş əsassız, çürük iddialar girdabına düçar olanlar nə yazıq ki, bunun sonunu düşünmək iqtidarına malik deyillər. Öz büdcəsi xaricində gözqamaşdıran dəbdəbə, şan-şöhrət əsasında qurulmuş ailələrin bünövrəsi sanki buz üstündə ucaldılmış çoxmərtəbəli bir binaya bənzəyir.

Bəs gəlin görək, belə ailələrin sonrakı aqibəti necə olur?

Budurmu adətlərimizə sidq-ürəklə, saf qəlblə sadiqliyimizin nəticəsi? Budurmu adətinizin sizə bəxş etdiyi sevinc, səadət, xoşbəxtlik ey şöhrət azarına tutulanlar?

Əgər bu adətlərimiz yenicə qurulacaq ailənin firavanlığına xidmət etməyəcəksə görəsən kimə və nəyə lazımmış bu cür cəfəng, naqis addımlar?

Əgər toy adətlərinə ifrat sadiqliyimizin nəticəsində necə deyərlər “toyun səsi dağlardan dağılmamış” ailələr üz-üzə duracaq, evlənənlər ziddiyyətlə üzləşəcək, ehtiyac burulğanı içində çapalayacaqlarsa, bu müqəddəs adətlərimiz toz kimi ayaqlar altında alçalıb əksilməzmi? Öz ali məqsədini, ülvi missiyasını itirərək saxtalaşmazmı?

Təəssüflər olsun ki, bu kimi hallar günümüzün danılmaz reallığıdır ki, biz mütəmadi şahidiyik bu gün və hər gün.

Yenicə ailə qurmağa hazırlaşan bir gəlin bəy tərəfdən hər hansı bir qiymətli zinət əşyasını tələb edirsə, gəlin görək, həmin xanım çoxmu əmindir ki, bu əşya onun sonrakı evlilik dönəmini belə desək “bal ayı”nı ağıya-zəhərə döndərməyəcək?

Kim bizi həyatın gözlənilməz dəyişkənliyindən sığortalayıb ki?

Toy adətlərini olduğundan şişirdilmiş şəkildə yerinə yetirmək üçün külli miqdarda borca girişən ailələrdə sonrakı ziddiyyətlər, ehtiyaclar və daha nələr alınmış qiymətli hədiyyələrin dəyərini mənən saxtalaşdırıb onu geyənin qürurunu, mənliyini, heysiyyətini bilmərrə məhv edir zənnimcə.

Əgər dəbdəbəli əşyalarla öyünməyə qürurumuz olmayacaqsa, çoxmu lazımdır onu geymək? Əgər həmin gəlin ər evində adi yavan çörəyə möhtac qalacaqsa, çoxmu lazımdır toyxanaya gələn bəzilərinin onun brilyantlarına əhsən deməyi? Bu kimə başucalığı gətirəcək?

Lakin bəyənmədiyimiz Qərb ölkələrində bu cür axmaq əqidəyə xidmət edən adətlər pərdəsi altında gizlənmiş ifrat şöhrətpərəstlik demək olar ki, yox dərəcəsindədir. Və yaxud da hər ailənin öz büdcəsi civarında. Bizə könül xoşluğu əvəzinə əsəb, ziddiyyət, hətta bir neçə ay keçməmiş ailəmizə dağılmaq təhlükəsi belə bəxş eləyən şöhrətpərəstliyimizin nəticəsi budurmu?

Gənclər arasında təqlidçilik də sürətlə artır. Geyimlərimizdən tutmuş süfrəmizə, oradan da həyat tərzimizə qədər.

Həmişə, hər yerdə kimisə, nəyisə yamsılamağa adət edərək Qərbin bəzi axmaq vərdişlərini də tez qavrayırıq.

Müasirliyimizi əldə bayraq edərək bəzi yersiz geyimlərə də bəraət qazandırırıq.

Xalq Yazıçısı Anar demişkən:“Bizə nə Şərqin xurafatı, nə də Qərbin abırsızlığı gərəkdir”.

Yaxşı olardı ki, inkişaf etmiş ölkələrdən mentalitetimizə zidd olan yersiz təqlidçilik əvəzinə, intellektual potensialımızın artmasına xidmət edən bəzi dəyərli fikirləri, büdcəmizin, ailəmizin rifahına xidmət edən qənaətcilliyi və nəhayət sadəliyi öyrənək.

O sadəlik ki, nə bizi evlənərkən aldatmayacaq, nə bizim evlilik aylarımızı təhlükə altına almayacaq və nəhayət nə də bizim ailələrimizi üz-üzə qoymayacaq.

Fikrimizcə, şöhrətpərəstlik adətimizin ifratçılığı ucbatından özünü gülünc vəziyyətə salmaq bunlar hamısı insan zəkasının süqutu deməkdir. Bunlar hamısı insan mənəviyyatının kasadlığıdır.

Və nəhayət bunların kökünü maarifsizlikdə, elmə, kitaba, ədəbiyyata biganəliyimizdə axtarmaq lazımdır.

Görkəmli şair Bəxtiyar Vahabzadə “Vicdan, namus, ləyaqət” adlı məqaləsində yazır: “Biz uzun illər yalnız maddi ehtiyaclarımızı ödəmək haqqında düşünmüşük, mənəvi ehtiyaclarımızı düşünməyə nə vaxtımız olub, nə də tələbimiz. Dəhşətə baxın! İnsanlarda mənəvi zənginliyə tələbin olmaması insan cəmiyyətinin yoxsullaşması deyilmi? Cəmiyyət üçün bundan da böyük kəsir olarmı?”

Taleyini, sevgisini, səadətini təhlükə altına atmaqdan belə çəkinməyərək bütün bu ülvi duyğularını, ali hisslərini bilmərrə məhv edərək, xoşbəxtliyin meyarını yalnız qızıl zinət əşyasında görənlər öz dəyərini yalnız bununla artırmağa çalışan dardüşüncəli insanlardır. Atalar yaxşı deyib: “Qızıldan taxtın olunca quruca bəxtin olsun”.

Tamah, var-dövlət üzərində qurulan ailələrdə tezliklə söz-söhbətlər baş alıb gedəcəkdir.

Gəlin, tamahımızın əsiri, köləsi olmayaq.

Gəlin, ya olduğumuz kimi görünək, ya da göründüyümüz kimi olaq.

Gəlin, şöhrətpərəstlikdən, ədabazlıqdan uzaq olaq.

Mənəviyyatını, ləyaqətini, əqidəsini tamahına, şöhrətinə qurban verənlər inanın ki, saraylarda, ləl-cəvahir içində də bədbəxtdir.

Xoşbəxtlik isə hər insanın öz daxilində olur. Yetər ki, biz ondan bəhrələnməyi bacaraq.

Ölülərlə Tanrıların görüş yeri: Arxeoloqlar ən qədim qapını tapdı

Məşhur müğənni vəfat etdi

Tanınmış bloqer məhkəməyə verildi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
kulis.az

1Mənbələr