Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.a-a açıqlamasında bildirib. Politoloq qeyd edib ki, əgər Ermənistan həqiqətən də sabit, sakit, axarlı bir həyat istəyirsə, ilk növbədə öz iddialarından əl çəkməlidir:
"Bu, həqiqətən də belədir. Görürük ki, onların siyasəti yalnız Azərbaycanın ərazilərini izləməkdən ibarətdir. Bizim tərəfdə gedən bütün prosesləri qeydə alırlar, Ermənistan tərəfində isə istehkamların tikilməsi, səngərlərin yaradılması və sair proseslərə heç bir məhəl qoymurlar. Hətta ola bilsin, bunlar onların razılığı və iştirakı ilə baş verir. Faktiki olaraq, Ermənistanda müharibə hazırlıqları gedir - gedib və gedir də. Mənə elə gəlir ki, burada Qərbin məqsədli planlarından biri Ermənistanı növbəti müharibəyə hazırlamaqdır. Bu prosesdə terminlərin adı heç bir əhəmiyyət daşımır. Əsas məsələ fəaliyyətdir. Fəaliyyət baxımından isə Ermənistan demək olar ki, donmuş vəziyyətdədir. Heç bir dinamikası yoxdur. İstəkləri yalnız ondan ibarətdir ki, Türkiyə ilə nə bahasına olursa-olsun barışsınlar, barışıq əldə olunsun, sonra da sərhədlər açılsın və iqtisadi baxımdan bir nicat yolu tapsınlar.
Amma Türkiyə - bizim mütləfiqimiz olaraq bu məsələlərə məhəl qoymur. Çünki yaxşı bilir ki, əgər barışıq olacaqsa, bu, ümumi şəkildə olmalıdır - həm Azərbaycanla, həm də Türkiyə ilə Ermənistan barışmalıdır.
Ümumiyyətlə, bu proseslərin kökündə duran Ermənistanın məkrli siyasəti, ərazi iddiaları və əsassız tələbləridir. Belə olduğu halda, həm Azərbaycan, həm də Türkiyə bu siyasətə qarşı sərt mövqe sərgiləyib və sərgiləməkdə davam edəcək. Əgər Ermənistan həqiqətən də sabit, sakit, axarlı bir həyat istəyirsə, ilk növbədə öz iddialarından əl çəkməlidir. Bizə qarşı təhdidlər səsləndirməməlidir. "Ermənilərin əraziləri Türkiyədə qalıb ", "Azərbaycanda qalan torpaqlar ermənilərin olub" kimi iddialardan vaz keçməlidirlər. Belə yanaşmalarla Ermənistan bölgədə özünü təcrid edir. Dəhlizin adının nə olmasının heç bir fərqi yoxdur. Əgər Ermənistan onun fəaliyyətini istəmirsə, demək ki, heç bir şey etməyəcək - və biz görürük ki, etmir də. Əvvəlcə bəhanə gətirdilər ki, bu dəhliz eksterritorial ola bilməz, çünki bu, Ermənistanın ərazisidir və Ermənistan öz ərazisini autsoursinqə vermir. Heç olmasa Ermənistan konkret addımlar atsın, desin ki, əməkdaşlığa hazırdır. Çünki bu yalnız Azərbaycanın və ya Türkiyənin istəyi deyil - bu məsələ artıq beynəlxalq müzakirə mövzusuna çevrilib. Təsadüfi deyil ki, oradan təklif gəlir ki, özəl bir şirkət bu dəhlizi istismara götürə bilər və sonradan əldə olunan gəlirin bölgüsünü tərəflər arasında müəyyən etmək olar. Amma Ermənistan bunu da istəmir. Hər bir təşəbbüsə Ermənistanın cavabı: "Yox." Ona görə də başa düşmək lazımdır ki, beynəlxalq təşkilatlar, bəzi ölkələr və onların elitaları uzun illərdir Ermənistanın "nazı" ilə çox oynayıblar. İndi də oynayırlar və Ermənistana elə təqdim edirlər ki, guya bölgədə ən çətin durumda olan Ermənistandır. Çünki guya təhlükəli qonşularla əhatə olunub və regionda baş verən proseslərə müdaxilə etmək imkanı yoxdur. Bu səbəbdən də Ermənistana xüsusi dəstək göstərilməlidir. Elə Avropa İttifaqı dəfələrlə onlara maliyyə yardımı ayırıb. Amma bunlar bir şeyi anlamırlar - daha doğrusu, Ermənistan anlamır. Qərb isə çox gözəl başa düşür ki, Ermənistanın nicatı bölgənin özündədir. Əgər Azərbaycanla və Türkiyə ilə barışsa, Ermənistan böyük bir inkişaf yoluna çıxa bilər. Amma Qərb bunu istəmir. Onlar Ermənistanı türkmüsəlman coğrafiyasında bir müdaxilə aləti kimi yaradıblar və bu gün də o ampluada istismar edirlər. Hesab edirəm ki, bu məsələlərlə bağlı Ermənistanın hələ ki, nicatı görünmür. Paşinyandan çox şey asılıdır, bəli, amma o, bütün bu məsələlərə seçki prizmasından yanaşır. Elə bir oyun qurmaq istəyir ki, maraqları zədələnməsin, imkanları azalmasın və qarşıdan gələn seçkilərdə məqsədinə çatsın. Düşünmürəm ki, hər hansı bir xarici müdaxilə Ermənistanı yola gətirə bilər. Çünki onlar yalnız özlərini dinləyirlər. Elə başa düşürlər ki, guya xüsusi bir ilahi qüvvənin dünyaya gətirdiyi xalqdırlar, onlara müdaxilə etmək olmaz, hər şeyin doğrusunu özləri bilirlər. Yenə də deyirəm, bu məsələdə gözləmə strategiyasını davam etdirəcəklər. Ola bilsin, seçkilərə yaxın Paşinyan daha aydın siyasət yürütməyə başlasın, göstərsin ki, həm beynəlxalq birliyi eşidir, həm regionun qayğılarını anlayır, düzgün təhlil edir və hərəkətə keçməyə hazırdır ki, Ermənistan da beynəlxalq inteqrasiya prosesində yer ala bilsin".
Zeynəb Mustafazadə