Almaniyanın nüfuzlu Der Spiegel jurnalının yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin hələ 1994-cü ildə Krım, Şərqi Ukrayna və Şimali Qazaxıstan ərazilərinə Rusiyanın tarixi torpaqları kimi baxırdı. Bu barədə jurnal Almaniya Xarici İşlər Nazirliyinin həmin ilin ilk yarısına aid arxiv sənədlərinə istinad edib.
Sənədlərdə qeyd olunur ki, Almaniyanın Sankt-Peterburqdakı baş konsulu Eberhard fon Puttkamerin hazırladığı qeyddə Putinin belə fikirlərinə yer verilib:
“Onun sözlərinə görə, Krım, Şərqi Ukrayna və Şimali Qazaxıstan heç vaxt Rusiya üçün xarici ərazilər olmayıb və həmişə Rusiyanın bir hissəsi olub. Heç bir rus üçün bu bölgələrin başqa ölkələrin ərazisi olduğunu izah etmək mümkün deyil.”
Putin həmçinin qeyd edib ki, bu “rusların milli hissidir” və Qərb ölkələri bunu düzgün başa düşmür:
“Əgər Qərb bunu Rusiya imperializminin canlanması adlandırırsa, deməli, onlar Rusiya maraqlarını düzgün anlamırlar.”
Həmin dövrdə, 1994-cü ildə, Putin Sankt-Peterburq hökumətində rəhbər vəzifələrdə çalışırdı. Şəhərin meri Anatoli Sobçak idi və o da Qərblə yaxın əlaqələr qursa da, Ukraynanı millətçiliyə görə ittiham edirdi və Krımın Rusiyaya məxsus olduğunu deyirdi.
Qeyd edək ki, bu açıqlamalar Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və 2022-ci ildən etibarən Ukraynada genişmiqyaslı hərbi müdaxiləsi kontekstində xüsusi əhəmiyyət daşıyır.
//Samir Qurbanov, Editor.az