AZ

1000 manatlıq yay: Sadə vətəndaşlar üçün tətil niyə əlçatmazdır? – SOSİOLOQ

Yay fəslidir, amma şəhərdə sanki heç nə dəyişməyib — avtobuslar yenə dolu, yollar tıxacdır. İnsanların əksəriyyəti istirahətdə deyil, iş başındadır. Bəziləri üçün yay yalnız təqvimdən ibarətdir. İstirahət haqqı niyə hamıya eyni dərəcədə çatmır?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, yay fəslinin qızğın çağı olmasına baxmayaraq, Bakı şəhərində əhalinin, nəqliyyatın sıxlığı hələ də azalmayıb. Maksimum 10 faiz təsir edib.

E. Bayramlının sözlərinə görə, halbuki belə olmalı deyil. İnsanlar bir il işləyir ki, il ərzində bir dəfə, yayın ən isti vaxtlarında istirahətə getsinlər. Əvvəllər müalicəvi krortlara gedirdilər. Sovet dönəmində kütləvi şəkildə vətəndaşları ptyofkalarla sanatoriyalara, istirahət mərkəzlərinə göndərirdilər. Amma son dövrlərdə bu demək olar ki, yox səviyyəsindədir və çox cuzidir.

Sosioloq qeyd edib ki, insanların özləri də indiki maaşlarla nəinki xarici ölkədə, hətta Azərbaycanın regionlarında belə, istirahətdə gedə bilmirlər. Çünki qiymətlər astronomikdir. Bir ailənin, bir neçə nəfərin 3-5 günlük istirahəti üçün neçə min manat tələb olunur. Bu həmin işçinin az qala yarım illik maaşıdır. Bu səbəbdən də çox adam istirahətə gedə bilmir.

“Bundan əlavə özəl şirkətlər var ki, işçiyə heç məzuniyyət belə vermirlər. Uzaq başı 3-5 günlük istirahət verirlər. Bir çox insan isə günəmuzd şəkildə işləyir. Onlar yarım ay işləməsələr, maddi baxımdan biabırçı vəziyyətə düşərlər. Sadə insanlar üçün istirahət anlayışı artıq arxa plana keçib. Arada çimərliyə gedə bilirlər. Rayonlara gedən olduqda da bir-iki gün çəkir. Çünki xərci güclə yola verirlər. Çünki bir günlük istirahət üçün 1000 manata yaxın pul lazımdır. Halbuki böyük şəhərlərdə yaşayanlar yay tətilində mütləq harasa getməlidir. Ən azı bölgələrdə istirahət etməlidirlər. İnsanlar bu stresli mühitdə işləməyə məcbur olurlar. Ona görə də insanlarda ümumi gərginlik və yorğunluq var. Çünki bir il fasiləsiz işləyən adam, ən azı yarım ay, 3 həftə, 1 ay istirahət etməlidir. İmkan əhalinin 10 faizi üçün əlçatandır. Bu sosial bərabərsizlikdir, işçi hüquqlarının pozulmasıdır, əmək və istirahət hüququnun pozulmasıdır”.

 

Dəniz Pənahova

Seçilən
25
tribunainfo.az

1Mənbələr