Muğam Mərkəzində keçirilən vida mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli xalq artisti Arif Babayevin vəfatı ilə bağlı dərin kədərini ifadə edib:
"Bu gün səhər saatlarında aldığımız xəbər hər birimizi dərindən sarsıtdı. Azərbaycan musiqi sənətini dünyaya tanıdan, onu qəlblərdə yaşadan, xalqımızın sevimlisi, xalq artisti Arif Babayevi itirdik. Yaşından asılı olmayaraq, hər kəsin qəlbində onun xatirəsi və izi var idi. Ölüm xəbəri qısa zamanda yayıldı və artıq qardaş ölkələrdən başsağlığı mesajları almağa başlamışıq. Biz bu gün onun itkisini və kədərini yaşayırıq".
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərhumun ailəsinə başsağlığı veriblər.
"Ulu Öndər Heydər Əliyev Arif Babayevin sənətinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşırdı. Son dəfə onu bir neçə gün əvvəl xəstəxanada ziyarət etdim. Gözlərindəki səmimiyyət, hər şeydən razı halı məni çox təsirləndirdi. Həmin anlar yaddaşımdan silinməyəcək. Həkimlərə də təşəkkür edirəm – o dünyadan razılıqla köçdü. Onun hər birimizin qəlbində xüsusi yeri var və bu xəbər uzun müddət bizləri kədərləndirəcək."
Adil Kərimli bildirib ki, Arif Babayevin sənət məktəbi yaşayacaq:
"Bu gün qərarım və planım odur ki, Arif Babayevin yaratdığı sənət məktəbi yaşasın. O, bizə böyük bir irs – milli dəyərləri yaşatmağı miras qoyub. Ailəsinə, yaxınlarına və bütün mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm. Bəli, cismən aramızdan getsə də, hər səhifədə, hər səhnədə onun izi qalacaq”.
Aygün Hüseyn, Elcan Bəşirli, Pərviz Allahverdiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta