Bakı, 1 avqust, AZƏRTAC
Ana südü yenidoğulmuş körpələr üçün ən ideal qidadır və onların sağlam inkişafı üçün əvəzolunmazdır. O, körpənin immun sistemini gücləndirərək, infeksiyalardan qoruyur. Ana südü tərkibində olan anticisimlər sayəsində körpəni ishal, tənəffüs yolu infeksiyaları və orta qulaq iltihabı kimi xəstəliklərdən müdafiə edir. Həmçinin ana südü körpənin beyin inkişafına müsbət təsir göstərir və intellektual qabiliyyətlərini artırır. O, asanlıqla həzm olunur və körpənin mədə-bağırsaq sistemini yükləmir. Ana südü, həmçinin ana ilə körpə arasında emosional bağın yaranmasına kömək edir. Südün tərkibi zamanla körpənin ehtiyaclarına uyğun olaraq dəyişir. Uzun müddət ana südü verilən uşaqlarda piylənmə və şəkərli diabet kimi xəstəliklərin riski azalır. Bu səbəbdən, ilk 6 ay yalnız ana südü ilə qidalanma tövsiyə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K. Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aytəkin Əliyeva bildirib.
O deyib ki, ana südü körpə üçün bütün zəruri vitaminləri ehtiva edir. Lakin onların miqdarı ananın qidalanmasından, laktasiyanın mərhələsindən və bəzi fizioloji xüsusiyyətlərdən asılıdır. “A vitamini (retinol) ana südündə körpənin gündəlik tələbatını tam qarşılayır. Xüsusilə kolostrumda A vitamini daha çoxdur və görmənin, immunitetin və hüceyrə böyüməsinin formalaşmasında mühüm rol oynayır. D vitamini isə çox az miqdardadır. Buna görə də D vitamini çatışmazlığının qarşısını almaq üçün əlavə profilaktika vacibdir. E vitamini (tokoferol) doğuşdan sonrakı ilk günlərdə yüksək miqdarda olur və antioksidant qorunma ilə yanaşı, hüceyrə membranlarının sabitliyini təmin edir. Çox az miqdarda olduğu üçün yenidoğulmuşlara hemorragik xəstəliyin qarşısını almaq üçün K vitamini profilaktikası mütləqdir. C vitamini körpənin gündəlik ehtiyacını qarşılayır. Onun miqdarı ananın qidalanmasından asılıdır və immun sisteminin gücləndirilməsi ilə yanaşı, dəmirin mənimsənilməsində mühüm rol oynayır. B qrupu vitaminləri (B1, B2, B3, B5, B6, B7, B9), adətən, ananın balanslı qidalanması ilə kifayət qədər olur və sinir sistemi ilə maddələr mübadiləsinin normal işləməsini təmin edir. Lakin B12 vitamini yalnız ananın heyvan mənşəli qidalar qəbul etdiyi hallarda kifayət qədər olur, veqan qidalanmada analarda isə çatışmazlıq riski var”, - deyə o diqqətə çatdırıb.
Mütəxəssis ana südünün uşaq beyninin inkişafına təsirlərindən danışıb: “Ana südü uşağın beyninin inkişafında əvəzolunmaz rol oynayır və onun tərkibi süni qidalarla tam əvəz edilə bilməz. Uzun zəncirli çox doymamış yağ turşuları beynin və tor qişanın əsas struktur komponentidir. Neyron membranlarının, sinapsların və mielinizasiyanın formalaşmasına kömək edir. Ana südündəki DHA səviyyəsi əksər süni qarışıqlardan daha yüksəkdir. Xolin-yaddaş və öyrənmə üçün vacib olan asetilxolinin sintezində iştirak edir. Beyin qabığının və hipokampın inkişafına dəstək olur. Laktoferrin və oliqosaxaridlər bağırsaq mikrobiotasının formalaşmasına kömək edir, “bağırsaq–beyin” əlaqəsi vasitəsilə beynin inkişafını dəstəkləyir, iltihabı azaldır və normal neyroinkişafa şərait yaradır. Taurin sinir sisteminin inkişafında, xüsusilə də həyatın ilk aylarında uşağın öz taurin sintezi məhdud olduğu zaman mühüm rol oynayır. Hormonlar və böyümə faktorları inzulinəbənzər böyümə faktoru (IGF-1) və digər bioaktiv maddələr sinir toxumasının inkişafını stimullaşdırır. Vitamin və minerallar - B qrupu vitaminləri, xüsusilə B12 və fol turşusu mielin əmələ gəlməsində və neyromediatorların sintezində vacibdir. Yod və sink neyronların yetkinləşməsini dəstəkləyir”.
Vaxtından əvvəl doğulan körpələrdə ana südü ilə qidalanmanın xüsusilə vacib olduğuna diqqət çəkən A. Əliyeva qeyd edib ki, onların mədə-bağırsaq sistemi və immun müdafiəsi tam yetkinləşməmiş olur. Ana südünün əhəmiyyəti onun yüksək bioloji dəyərə malik olması, immunoloji qoruma xüsusiyyətini daşıması, beynin inkişafını təmin etməsi, nekrotik enterokolit riski azaltmasından ibarətdir. “Ana südündən vaxtından əvvəl ayırma körpənin psixoloji inkişafına bir sıra mənfi təsirlər göstərə bilər, çünki ana südü yalnız qida deyil, həm də emosional bağın formalaşmasında əsas vasitədir. Ana südü ilə qidalanma zamanı dəri və göz təması emosional təhlükəsizlik hissi yaradır. Erkən kəsilmə bu bağın inkişafını zəiflədə bilər, körpədə narahatlıq, gərginlik və daha çox ağlama halları müşahidə oluna bilər. İlk aylarda südəmər körpə ana ilə qidalanma zamanı özünü qorunmuş hiss edir. Erkən kəsildikdə bu emosional komfort mənbəyi azalır, nəticədə bəzi körpələrdə ayrılıq qorxusu və daha çox stres müşahidə oluna bilər. Ana südü ilə qidalanma yalnız fiziki deyil, həm də emosional ehtiyacların qarşılanmasıdır. Tədqiqatlar göstərir ki, uzun müddət ana südü ilə qidalanan uşaqlar daha sabit emosional əlaqələr və yüksək adaptasiya qabiliyyəti göstərirlər”, - deyə mütəxəssis vurğulayıb.