AZ

“Kimsə özünü ayı kimi apara bilər, amma Azərbaycan dovşan deyil...”

Heyvanlar aləminə aid lətifələrdə, adətən, vəhşi heyvanlar (aslan, ayı, canavar) hozu kimi təqdim olunur, zərif heyvanların simvolu isə ya dovşan, ya da tısbağa olur. Lətifələrdəki vəhşi heyvanların məqsədi zərif heyvanlarda nəsə səhv tapıb onları cəzalandırmaq olur. Çox vaxt da o səhv tapılmadığına görə ümid bəhanələrə qalır.

Bəlkə də lətifələrdə danışılanlar gerçəkdən təbiətdə baş verir, amma biz heyvanların dilini bilmədiyimiz üçün onların gerçək olub-olmamasından xəbərimiz yoxdur. Bildiyimiz bircə şey var ki, insan cəmiyyətində, Adəm övladlarının yaratdığı dövlətlərin qarşılıqlı münasibətlərində və ümumiyyətlə, sivil dünyada heyvanat aləminin prinsipləri yox, beynəlxalq hüquq işləyir və işləməlidir. O beynəlxalq hüquq ki, onun əsas prinsipi dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörmət etməsini tələb edir.

Təəssüf ki, şimal qonşumuz Rusiyanın öz keçmiş müstəmləkələrinə qarşı davranışlarında beynəlxalq hüquqdan çox “ayının dovşanda səhv axtarması” faktlarına rast gəlinir. Elə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun son açıqlaması da bu qəbildəndir. Deməli, M.Şvıdkoy Azərbaycanın Xankəndi şəhərində İvan Azvazovskinin büstünün sökulməsini Azərbaycan tərəfinin Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirib, rəsmi Bakını “abidələrlə müharibədə və rus mədəniyyətini ləğv etməkdə” ittiham edib.

Görəsən, bu ittihamlar nə dərəcədə əsaslı sayıla bilər?

Əvvəla, tanınmış rusiyalı rəssam İvan Ayvazovski (29 iyul 1817 – 2 may 1900) Krımın Feodosiya şəhərində dünyaya gəlib və orada da vəfat edib. Yəni Azərbaycanla və bir zamanlar ermənilərin yaşadığı Qarabağla heç bir bağlılığı olmayıb.

İkincisi, Ovannes Ayvazyan kimi dünyaya gələn bu şəxs milliyyətcə erməni olub. Ermənistanda Azərbaycan məscidlərinin yer üzündən silinməsinə reaksiya verməyən Kremlin rəsmi Bakıdan hansı haqla erməni rəssamın abidəsini qorumağı tələb etməsi heç bir məntiqə sığmır.

Üçüncüsü, İvan Ayvazovskinin Xankəndi şəhərində abidəsinin qoyulduğu tarixə diqqət edək – 2021-ci ilin dekabr ayı.

Deməli, 2020-ci ilin 10 noyabr tarixli Üçtərəfli Bəyanatına əsasən Qarabağda yerləşdirilən Rusiya sülhməramlıları düz bir il sonra bölgəyə gəlişlərinin 1 illiyi “şərəfinə” yerləşdikləri hərbi şəhərciyin ərazisində “Rusiya Şöhrət Xiyabanı” yaratmışdılar. Rəsmi açıqlamada bildirilirdi ki, xiyabanda rus sülhməramlılarını əks etdirən heykəlin ətrafında Rusiyanın 10 tarixi şəxsiyyətinin - Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavriil Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri qoyulub. Diqqət edin, bu siyahıda İvan Ayvazovskinin adı yox idi. Onun büstü bir aydan sonra qoyulmuş və maraqlıdır ki, bununla bağlı heç bir rəsmi açıqlama verilməmişdi. Görünür, erməni rəssamın heykəlinin Bakıda doğura biləcəyi etirazlara görə rəsmi açıqlamaya ehtiyac duymamışdılar.

Ümumiyyətlə, təkcə Ayvazovskinin yox, rəsmi Bakı ilə razılaşdırmadan yuxarıda adı çəkilən digər tarixi şəxsiyyətlərin də Azərbaycan ərazisində heykəlinin qoyulması Rusiya sülhməramlıları tərəfindən atılmış qanunsuz və beynəlxalq hüquqa zidd addım idi. Rusiya sülhməramlıları Qarabağda olduqları 10 noyabr 2020-ci ildən 12 iyun 2024-cü ilədək olan müddətdə öz mandatlarından başqa hər bir işlə məşğul olmuşdular – İkinci Qarabağ müharibəsində zərər görmüş erməni evlərinin bərpası üçün taxta-şalban, şifer daşımaqdan tutmuş Ermənistandan Qarabağa silah-sursat daşınmasına göz yummağadək...

Rəsmi Moskva Rusiya sülhməramlıları bölgədə olan vaxt erməni separatçılarının Xocavənddə Hitlerin əlaltısı Qaregin Njdeyə heykəl qoymasına da səsini çıxarmamışdı.

Bakının mərkəzində erməni kilsəsini belə qoruyub saxlayan Azərbaycana qarşı M.Şvıdkoyun səsləndirdiyi “abidələrlə müharibə və rus mədəniyyətini ləğv etmək” ittihamı da gülməlidir. Rusiya mətbuatında dəfələrlə yazılıb, Prezident Putin başda olmaqla Rusiyanın yüksək rütbəli rəsmiləri dəfələrlə dilə gətiriblər ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər fəaliyyət göstərir, Bakının mərkəzi küçələrindən ikisi Puşkin və Lermontovun adını daşıyır, paytaxtımızın mərkəzində Puşkinə heykəl də qoyulub. Tarixin 200 ilə yaxın dövründə bir xalq olaraq taleyimiz zəlzələdən ya vəlvələdən Rusiya ilə sıx bağlı olub. Biz istəsək də, rus mədəniyyətinin izlərini tariximizdən silə bilmərik, belə bir niyyətimiz də yoxdur. Həm xalq olaraq sahib olduğumuz tolerantlıq buna imkan vermir, həm də perspektivsiz bir iş olduğu bəri başdan aydındır. Necə ki, Stalin dövründə azərbaycanlıların türk kimliyini unutdurmaq cəhdləri uğursuzluğa düçar oldu, rus mədəniyyətinin izlərini silmək cəhdləri də bəri başdan uğursuzluğa məhkumdur.

Bəs o zaman sual yaranır – Rusiyanın yüksək rütbəli şəxsinin bu açıqlamasının arxasında nə dayanır və niyə məhz indi səslənir?

Şübhəsiz ki, gözlə görünən ilk səbəb 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qroznı üzərində Rusiya Silahlı Qüvvələri tərəfindən vurulmasından sonra iki ölkənin münasibətlərində yaranmış gərginliyin davam etməsidir. Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 38 nəfər həlak olmuş, 29 nəfər yaralanmışdı. Ölümə tərk edilmiş təyyarə yalnız pilotların peşəkarlığı sayəsində Xəzər dənizinə düşməmiş və cinayət ört-basdır oluna bilməmişdi. Bunun ardınca 2025-ci il iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən döyülərək öldürülmüşdü.

Gözlə görünməyən səbəb isə təbii ki, 2025-ci ilin noyabr ayınadək Qarabağda qalmalı olan Rusiya sülhməramlılarının vaxtından ilyarım əvvəl bölgəni tərk etməsinin Kremldə doğurduğu məyusluqdur. Çünki I Pyotrun Xəzərsahili vilayətlərə yürüşü ilə Azərbaycan torpaqlarına ayaq basan rus əsgəri 302 ildən sonra Prezident İlham Əliyevin siyasi və diplomatik bacarıqları sayəsində bölgədən getdi, Rusiya isə bununla Azərbaycana olan təzyiq imkanlarını birdəfəlik itirdi. Elə Rusiya sülhməramlılarının Xankəndidə yaratdığı “Şöhrət Xiyabanı” da göstərir ki, onlar getmək üçün gəlməmişdilər və ya gedəcəklərini düşünmürdülər. 1990-cı illəri xatırlayanlar yaxşı bilir – rus ordusu sülhməramlı adı ilə yerləşdirildiyi Gürcüstan, Moldova və Tacikistanı bu günədək tərk etməyib. Bunu bacaran yeganə ölkə Azərbaycan, yeganə lider Prezident İlham Əliyevdir.

M.Şvıdkoyu görən olsa, soruşsun lütfən: bu torpaqlara dəxli olmayan erməni rəssamın qanunsuz qoyulmuş heykəlini götürmək vandallıq sayılırsa, içərisində 67 sərnişinin olduğu təyyarəni vurmağın və iki azərbaycanlını döyə-döyə öldürməyin adı nədir?

Kimsə özünü ayı kimi apara bilər, amma nəzərə alsın ki, Azərbaycan dovşan deyil...

Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl

Seçilən
12
qafqazinfo.az

1Mənbələr