AZ

ABŞ nin 69 ölkəyə qarşı yeni ticarət tarifləri: Trampın addımları cavabsız qalmayacaq

ain.az, Bakivaxti saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp yenidən 69 ölkəyə yeni ticarət tarifləri tətbiq edib. Bu ölkələr arasında ABŞ-ın əsas müttəfiqləri də var.

Bakıvaxtı.az xəbər verir ki, Trampın imzaladığı sərəncama əsasən, Kanadadan gətirilən məhsulların əksəriyyətinə 35%, Braziliyadan 50%, Hindistandan 25%, Tayvandan 20% və İsveçrədən 39% idxal rüsumu tətbiq olunacaq. Qərar ümumilikdə 69 ticarət tərəfdaşına qarşı idxal rüsumlarının 10%-dən 41%-ə qədər artırılmasını nəzərdə tutur. Digər bütün ölkələrdən gətirilən məhsullara isə standart olaraq 10%-lik idxal vergisi qoyulacaq.

Trampın bu siyasəti ABŞ-nin digər ölkələrlə ticari əlaqələrinə necə təsir edəcək? Tarif tətbiq olunan ölkələr ABŞ-yə qarşı birləşə bilərmi?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

O bildirib ki, Trampın bu siyasəti ölkə iqtisadiyyatının xilas olunması, yerli şirkətlərə və istehsala dəstək məqsədi daşıyır:

"Bu istiqamətdə atılan addımlar daxili bazarı stimullaşdırmaq, eyni zamanda rəqabətlilik baxımından ABŞ şirkətlərinə daha münbit şərait yaratmaq məqsədini nəzərdə tutur. Çünki faizlər və rüsumlar artdıqca, 69 ölkədən ABŞ-yə daxil olan məhsulların qiymətində artım baş verir. Bu isə daxili bazarda həmin məhsulların rəqabətə davamlılığını azaldır. Nəticədə amerikalılar yerli məhsullara daha çox üstünlük verməyə başlayacaqlar. Bu addım ABŞ iqtisadiyyatı baxımından düzgün addım hesab olunsa da, dünya iqtisadiyyatın qlobal şəkildə bir-birindən asılı olduğunu unutmaq olmaz. ABŞ-yə məhsul ixrac edən ölkələrin Amerika bazarına ehtiyacı olduğu kimi, Amerikanın da həmin ölkələri ehtiyacı danılmazdır. Yəni, Trampın sanksiyaları cavabsız qalmayacaq".

Vüqar Oruc: ABŞ-nin addımları sahibkarların çıxılmaz duruma salınmasına səbəb ola bilər

V.Orucun fikrincə, sözügedən ölkələrdə də müəyyən rüsumların tətbiqi və ticari münasibətlərə yenidən baxışla bağlı addımlar atılacaq. Çünki Trampın addımlarının cavabsız qalması mümkün deyil.

"Trampın atdığı addımlardan ziyan görən ölkələr bu vəziyyəti kompensasiya etmək üçün yollar axtarmağa məcburdurlar. Çox güman ki, alternativ bazarların axtarışına start veriləcək və bir müddətdən sonra Amerika bazarından imtina ediləcək. Nəticə etibarilə ABŞ-nin addımları iqtisadiyyatın daxili gücünün artırılmasından, yerli şirkətlərə dəstək verilməsindən daha çox sahibkarların çıxılmaz duruma salınmasına səbəb ola bilər. Hər bir halda Amerikanın addımları ilkin dövr üçün ölkə iqtisadiyyatı üçün cəlbedici olsa da, gələcəkdə iqtisadi və siyasi sahədə çox ciddi problemlərin yaranmasına yol aça bilər", - müsahibimiz qeyd edib.

İqtisadçının proqnozuna görə, qarşıdakı dövrdə yeni iqtisadi mərkəzlərin formalaşması və əməkdaşlıqların yaranması mümkün ola bilər. Bu isə ABŞ iqtisadiyyatının iflası ilə nəticələnə bilər.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
bakivaxti.az

2Mənbələr