AZ

Azərbaycan Qırğızıstanda beynəlxalq mədəniyyət və musiqi festivalında təmsil olunur

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 1 avqust, AZƏRTAC

Qırğızıstanda “Ruh Sanat” adlı ənənəvi beynəlxalq mədəniyyət və musiqi festivalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, genişmiqyaslı beynəlxalq tədbir Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi, Qırğızıstan Respublikası Nazirlər Kabineti, bu ölkənin Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi, Qırğız Respublikası Milli Elmlər Akademiyasının Ənənəvi Mədəniyyət və İncəsənət Araşdırma Mərkəzi, “Manas” Milli Teatrının təşkilatçılığı ilə keçirilir.

Tədbir Çolpon-Ata şəhərində (İssık-Kul bölgəsi) keçirilir və 30-dan çox ölkədən mədəniyyət və incəsənət xadimlərini bir araya gətirir. Festivalın məqsədi dünyanın qeyri-maddi mədəni irsinin zənginliyini nümayiş etdirmək, beynəlxalq mədəni dialoqu gücləndirmək və orijinal ənənələrin qorunub saxlanmasını təşviq etməkdir.

Festivalın proqramına beynəlxalq ənənəvi musiqi müsabiqəsi, elmi-praktiki konqres və yaradıcılıq bazarı – rəssamlar, sənətkarlar, ifaçılar, prodüserlər və mədəni tədbirlərin təşkilatçıları üçün interaktiv platforma daxildir. Festivalın əsas məkanı tamaşaların, elmi müzakirələrin və ustad dərslərinin keçirildiyi “Ruh Ordo” mədəniyyət mərkəzidir.

Beynəlxalq müsabiqədə Yaponiya, Hindistan, Macarıstan, Qvineya və başqa ölkələrdən 9 solist və 12 yaradıcı qrup daxil olmaqla 84 ifaçı iştirak edir. Qırğızıstanı 4 solo ifaçı və 4 ansambl təmsil edir.

Azərbaycan da bu festivalda təmsil olunur. Təmsilçilərimiz “Cəngi - rəqs janrında qəhrəmanlıq təcəssümü” və “Azərbaycan və Altayın ənənəvi musiqisində tarixi-musiqi paralelləri” adlı yüksək bədii və konseptual proqramlar təqdim edəcəklər.

Festivalın proqramı çərçivəsində, həmçinin ICESCO-nun Bakıdakı regional ofisinin direktor müavini Məryəm Qafarzadənin tematik təqdimatı olacaq. O, məruzəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının cari fəaliyyətindən danışacaq, həmçinin qeyri-maddi mədəni irsin qorunması kontekstində mədəniyyətlərarası əməkdaşlığın vacibliyini vurğulayacaq.

Müsabiqə iştirakçıları avqustun ilk iki günündə çıxış edəcəklər, avqustun 3-də isə qaliblərin qala-konserti və bağlanış mərasimi olacaq. İştirakçıların məharətini ənənəvi incəsənət sahəsində yeddi beynəlxalq ekspertdən ibarət münsiflər heyəti qiymətləndirəcək.

Qaliblər fəxri fərman və pul mükafatları ilə təltif olunacaq. “Ruh Sanat” festivalı mədəni qarşılıqlı əlaqə, ilham və peşəkar mübadilə üçün canlı platformadır. O, dünyanın hər yerindən ənənəvi mədəniyyət xadimlərini, tədqiqatçıları, rəssamları və həvəskarları bir araya gətirir. İştirakçıların ümumi missiyası misilsiz mədəni irsin qorunub saxlanılması və inkişaf etdirilməsi, onun gələcək nəsillərə ötürülməsi və planetdə mədəni müxtəlifliyin gücləndirilməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
4
azertag.az

5Mənbələr