AZ

Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır - Şahlar Əsgərovdan TƏKLİF

"İndiki dövrdə qəbul imtahanına ehtiyac yoxdur. Uşaqlar özləri çox asanlıqla universitetə girməlidirlər".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin Elm və təhsil komissiyasının keçmiş sədri, təhsil eksperti, professor Şahlar Əsgərov ali təhsil müəssisələrinə qəbulun qruplar üzrə yox, ixtisaslar üzrə aparılması təklifinə münasibət bildirərkən söylədi.

"Ümumiyyətlə qəbul imtahanı yığışdırılmalıdır. Bu lap ideal olar. Yox, əgər istəyirsən keçmişdən də bir şey qalsın, onda həddindən artıq çox asan da olmalıdır. Mənim məşhur bir kəlamım var, bütün rektorlar bilir: "institutlar giriş qapılarını geniş açmalıdır, çıxış qapılarını daraltmalıdır". Buna görə sovet dövlətində qəbul imtahanı vacib idi. Ona görə ki, sovet dövlətində hər 100 uşağın 33-nə ali məktəbdə yer var idi. 100 uşaqdan yaxşını seçmək üçün qəbul imtahanı aparmalı idin. Bir halda ki, ali məktəbi qurtarıb işlə təminat yoxdursa, bu əlaqə qırılıbsa, ona ehtiyac yoxdursa, onda heç qəbula da ehtiyac yoxdur", - deyə o, qeyd etdi.

Professor vurğuladı ki, Hollandiyada 100 uşaqdan 15-16-sı ali məktəbə qəbul olur:

"Yerdə qalanı hamısı peşələrə gedir, texnikumlara gedir. Bizdə isə cəmiyyətdə təbliğat pis aparılıb. Guya ali məktəbi qurtarmasan, sənə çörək yoxdur. Ona görə bu kütləvi ali məktəbə daxil olmağın özü belə cəmiyyət üçün qüsurlu bir haldır. Əgər bir uşaq gələcəkdə bağban olacaqdırsa, aqronom olacaqdırsa, mal həkimi olacaqdırsa, ayrı peşə sahibi olacaqdırsa, nəyə lazımdır onun ali məktəb oxuması? Ali məktəbin statusu cəmiyyətdə müəmmalıdır. Sovet dövlətində ali məktəbə getməsəydin, çörək mümkün deyildi. İndi axı buna ehtiyac yoxdur. Əgər mən gül mağazası açıb, gül əkəcəmsə, gül satacamsa, niyə mən universitet qurtarmalıyam?".

Şahlar Əsgərovun fikrincə, ali məktəbin giriş qapıları geniş açılmalıdır.

"Yəni demək olar ki, imtahansız və yaxud da çox cüzi, yüngül imtahanlarla ali məktəbə daxil olmalıdırlar. Amma hər adama diplom vermək olmaz. Əgər sənə həkim diplomu verirsənsə, bu bütün təbabəti yaxşı bilməlidir. Əlbəttə, imtahanı ixtisasla vermək qruplara baxanda daha mütərəqqidir. Amma ona da ehtiyac yoxdur. Bu haqda mənim onlarla məqaləm var. Nəyə lazımdır bu cür mürəkkəb bir sistem qurmaq? Bax, sovet dövləti dağılıb. Hamıya təqaüd vermirsən, yataqxana vermirsən, elədirmi? İşlə təmin eləmirsən. Elə attestat imtahanları ilə ali məktəblərə qəbul getməlidir.  Bu, sovet dövlətində çox vacib idi, amma indi vacib deyil. Heç ehtiyac yoxdur. 100 nəfərin 100-ü ali təhsil alır. Orta məktəbi qurtaran adamların hamısının ali təhsil almasına ehtiyac yoxdur. Ali məktəbə bu qədər çətinliklə imtahan götürüb qəbul aparmağa ehtiyac yoxdur. Əlbəttə ki, qruplara baxanda ixtisaslar üzrə gedəndə bir az yüngüllük olar, bir az tərəqqi olar. Heç ona da ehtiyac yoxdur", - deyə professor vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
10
1
redaktor.az

2Mənbələr