AZ

Mədəniyyət dərisinə girmiş siyasi dəllal və ya “мальчик на побегушках”

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun guya Azərbaycanda rus mədəniyyətinin ləğv edilməsi barədə verdiyi açıqlama hər cür məntiqdən məhrumdur. Rusiyanın Azərbaycanla mədəni əlaqələrini koordinasiya edən səlahiyyətli şəxs kimi Mixail Şvıdkoy hamıdan yaxşı bilir ki, Azərbaycanda rus mədəniyyətinin simvolları nələrdir və cəmiyyətin rus mədəniyyətinə və ümumiyyətlə yad mədəniyyətlərə münasibəti nədən ibarətdir. Uzun illər ərzində Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən qayğını digər ölkələr üçün örnək göstərmiş Mixail Şvıdkoyun bu gün tərsinə danışması və öz- özünü təkzib etməsi onun artıq mədəniyyətə yox, siyasətə xidmət etdiyini göstərir. Bu davranış onun özü haqqında yaratdığı mədəniyyət xadimi obrazını darmadağın edir və onu mədəniyyət dərisinə girmiş siyasi dəllal kimi ifşa edir.

Mixail Şvıdkoy yaxşı bilir ki, Rusiyada hələ XVIII-XIX əsrlərdə pravoslav dininin ayrı-ayrı təriqətlərinə sitayiş edən rus icmaları öz ölkələrində ciddi təqiblərə məruz qalır, marginallaşdırılır və hətta ölkədən sürgün edilirdilər. Hələ o zaman bir sıra rus icmaları Azərbaycanda özlərinə sığınacaq tapıb və məhz burada öz adət-ənənələrini qoruyub saxlamaqla sərbəst və rahat yaşamaq imkanı əldə etmişdilər. Öz mədəniyyəti içərisində cüzi fərqliliyə görə öz xalqının nümayəndələrinə bu cür düşmən münasibət sərgiləyən bir dövlətin bu günkü məmurunun başqa dövlətləri mədəniyyətləri sıxışdırmaqda günahlandırmaq cəhdləri yalnız gülünc doğura bilər.

Azərbaycan qədim türk torpağıdır. Tarixdən hamıya, o cümlədən Mixail Şvıdkoya yaxşı məlumdur ki, tarixən türklərin hakim olduğu bütün ərazilərdə, o cümlədən Azərbaycanda bütün mədəniyyətlərin nümayəndələri müsəlmanlarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Heç bir xalqın dili, dini inancları, adət-ənənələri diskriminasiyaya məruz qalmayıb. Ona görə də bu gün Azərbaycan bütün dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Ona görə də dünyanın müxtəlif ölkələrinin, o cümlədən Avropanın bir sıra universitetlərində “Azərbaycan multikulturalizmi” öyrənilir və təbliğ edilir.

Təəssüf ki, bu kontekstdə Rusiya haqqında xoş bir söz demək, müsbət bir nümunə göstərmək mümkün deyil. Öz vətəndaşlarını etnik mənsubiyyətinə görə fərqləndirən və məhz rus kökənli olmadığına görə cəzalandıran Rusiya Federasiyasında yüksək vəzifə daşıyan bir məmurun başqa bir ölkədə, xüsusilə Azərbaycanda mədəni mühit haqqında fikir yürütməsi absurddur.
Konkret olaraq Xankəndi şəhərində Ayvazovskiyə qoyulmuş büstün ləğv edilməsi isə 30 ildən çox davam etmiş işğalın nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Mixail Şvıdkoyun nəzərinə çatdırıram ki, 2020-ci ildə Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin mandatı ərazidə təhlükəsizliyin qorunması ilə bağlı olub. Müvəqqəti yerləşdirildikləri Azərbaycan ərazisində hər hansı bir mədəniyyət abidəsinin ucaldılması onların səlahiyyəti çərçivəsində olmayıb və Rusiya sülhməramlı qüvvələri Ayvazovskiyə abidə qoyulması layihəsini Azərbaycanın müvafiq dövlət və mədəniyyət qurumları ilə razılaşdırmayıb. İşğal olunmuş ərazilərdə qeyri-qanuni olaraq tikilmiş bütün digər obyektlər kimi, Ayvazovskinin adına abidə qoyulması da qeyri-qanunidir və ləğv olunmağa məhkum idi.

Mixail Şvıdkoy isə bu hadisəyə münasibət bildirməzdən əvvəl öz-özündə belə bir suala cavab axtarmalı idi: Azərbaycan əsgəri Sankt-Peterburqa gəlib Rusiya dövlət orqanları ilə razılaşdırmadan orada Nizamiyə, Nəsimiyə və ya Səttar Bəhlulzadəyə abidə qoya bilərdimi? Bu sula müsbət cavabı yoxdursa Mixail Şvıdkoy “tanımadığı kola girməməli” idi.

Nəhayət, aydın məsələdir ki, Şvıdkoy bu açıqlamanı verməklə öz beyninin məhsulunu dilə gətirməyib. O sadəcə xidmətində durduğu səlahiyyət sahiblərinin mesajını səsləndirib. Bu rolda isə Mixail Şvıdkoy hər hansı bir dövlət məmuruna yox, küsülülər arsında söz aparıb-gətirən uşağa bənzəyir. Ruslar özləri belələrinə “xüsusi nümayəndə” yox, “мальчик на побегушках” deyir.

Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru

Seçilən
27
5
modern.az

6Mənbələr