AZ

Təzyiq xəstələrinin nəzərinə

Avqustun 1-də Azərbaycanda havanın 41 dərəcəyədək isti olması gözlənilir. Havaların kəskin isti keçməsi isə ürək-damar və təzyiq problemi olan insanları ciddi narahat edir. Çünki belə hava şəraitində orqanizm artıq yüklənməyə başlayır və bu, bir sıra sağlamlıq fəsadlarına yol aça bilər. Metbuat.az-ın məlumatına görə, kardioloqlar hesab edirlər ki, yüksək temperatur bədənin maye balansını pozur, qan dövranını sürətləndirir və nəticədə ürək üzərində əlavə yük yaradır. Nəticədə ürək döyüntülərində artım, təzyiqin qəfil yüksəlməsi və ya enməsi müşahidə oluna bilər. Bu isə istivurma, ürək ritminin pozulması, hətta infarkt riskini artırır. Həkimlərin tövsiyəsinə görə, ürək və təzyiq xəstələri günün xüsusilə isti saatlarında – saat 11:00-dan 17:00-a qədər açıq havada gəzintidən çəkinməlidirlər. Evdə olduqları halda belə otaqlar tez-tez havalandırılmalı, günəş şüaları birbaşa düşən pəncərələr bağlanmalıdır. Bununla yanaşı, maye qəbulu da çox vacibdir. Gün ərzində bol su içmək, qazlı, kofeinli və şəkərli içkilərdən isə uzaq durmaq məsləhətdir. Həddindən artıq soyuq su qəbul etmək də ürək fəaliyyətinə mənfi təsir edə bilər. Həkim nəzarətində olan dərmanlar mütləq vaxtında qəbul edilməlidir. Əgər hava şəraitinə görə təzyiq və ya nəbzdə dəyişiklik hiss olunursa, dərman dozasının dəyişdirilməsi yalnız həkim göstərişi ilə aparılmalıdır. İsti havalarda yüngül, tünd rəngdə olmayan, pambıq parçalardan hazırlanmış geyimlərə üstünlük verilməli, baş örtüyü istifadə olunmalıdır. Həmçinin, ağır fiziki işlər və intensiv idman bu günlərdə təxirə salınmalıdır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
27
1
metbuat.az

2Mənbələr