AZ

Rəsmi Bakı etiraz etdi, TASS həmin xəbərin başlığını dəyişdi - Foto - Yenilənib

Xəbər verdiyimiz kimi, iyulun 29-u Azərbaycanın Xankəndi şəhərində erməniəsilli rusiyalı rəssam İvan Ayvazovskinin abidəsi sökülüb.

“Qafqazinfo”nun məlumatına görə, ötən gün Rusiyanın TASS agentliyi sözügedən informasiya ilə bağlı “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlıqlı məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə dərhal məsələ ilə bağlı sərt bəyanat yayıb: “Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılıqlılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə bilər. 

TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur”.

Bundan sonra sözügedən agentlik Xankəndi ilə bağlı dərc etdiyi həmin xəbərdə dəyişiklik edib. Belə ki, sərlövhə “Dağlıq Qarabağda Ayvazovskinin abidəsi söküldü” kimi dəyişdirilib.

***

TASS agentliyi Xankəndi ilə bağlı dərc etdiyi xəbərdə daha bir dəyişiklik edib.

Belə ki, xəbərin başlığı “Qarabağda Ayvazovskinin abidəsi söküldü” kimi dəyişdirilib.



Seçilən
43
16
qafqazinfo.az

10Mənbələr