“TASS-ın ‘Stepanakert’ deməsi texniki səhv deyil, siyasi təxribatdır”
Politoloq Tural İsmayılov bu sözləri News365.az-a açıqlamasında deyib.
"TASS-ın “Stepanakert” ifadəsini işlətməsi sadəcə texniki səhv deyil, bu, bilavasitə Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş siyasi təxribatdır. Belə bir terminoloji sapma xüsusilə dövlət agentliyi səviyyəsində edildikdə artıq sadəcə dezinformasiya yox, təzyiq alətinə çevrilir. Xankəndi Azərbaycan şəhəridir və bu şəhərə başqa adla müraciət etmək Kremlin regiondakı yeni reallıqları qəbul etmək yerinə müxtəlif təxribatlardan istifadə etdiyini göstərir. Bu yanaşma xüsusilə 2020-ci ildən sonra formalaşmış yeni status-kvonu gözdən salmaq cəhdidir.
Azərtacın verdiyi bəyanat, Azərbaycan XİN-in kəskin cavabı tam yerində və prinsipial mövqedir. Çünki media sahəsindəki belə terminoloji təhdidlər gələcəkdə daha ciddi siyasi manevrlərə zəmin yarada bilər. TASS-a qarşı bu tonun sərtləşdirilməsi həm də Azərbaycan jurnalistikasının özünəinamlı mövqeyinin göstəricisidir.
Rusiya mediasının bu şəkildə davranması, əslində Kremlin regionda yenidən "müdaxilə dilini" canlandırmaq istəyindən xəbər verir. Halbuki, bu dil artıq keçmişin qalığıdır və Cənubi Qafqazda söz sahibliyi etmək istəyən hər bir tərəf Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.
TASS-ın Xankəndiyə “Stepanakert” deməsi Ermənistanın revanşist ideyalarına informasiya platforması təqdim etmək deməkdir.
Azərbaycan bu cür yanlışlıqları keçmişdə də görüb, lakin biz indi regionun ən vacib gücüyük. Bu, suverenlik və informasiya təhlükəsizliyi məsələsidir, burada güzəştə yer yoxdur. Rusiya tərəfi başa düşməlidir ki, informasiya diplomatiyası da eyni dərəcədə həssas və təhlükəli bir alətdir və münasibətləri daha da zədələyir."