AZ

Pezeşkiandan sensasion açıqlama: "Günahkar İrandır!" - VİDEO

Dünən İran Prezidenti Məsud Pezeşkian Zəncan əyalətinə səfəri çərçivəsində yerli ziyalılar və mütəxəssislərlə keçirdiyi görüşdə Azərbaycan-İran münasibətlərinə dair sensasiya sayıla biləcək açıqlama verib.

"Azad İran" "YouTube" kanalında yayımlanan növbəti videosüjet sözügedən açıqlamaya həsr olunub.

Müəllif qeyd edir ki, M.Pezeşkian qonşu müsəlman ölkələrlə əl-ələ verməyin və əlaqələri genişləndirməyin zəruriliyinə toxunan bu kontekstdə Azərbaycan Respublikasına səfəri ilə əlaqədar məruz qaldığı tənqidləri rədd edərək deyib:

"Azərbaycan bizim qohumumuz və doğmamızdır. Necə ola bilər ki, mən ora gedib razılaşma əldə etməyim, amma İsrail gəlib bu işi görsün?! Bizim problemimiz nədədir ki, öz bacı-qardaşlarımızla dostcasına və sağlam əlaqə qura bilməmişik, İsrail isə gəlib orda nüfuz qazanıb. Günahkar bizik, onlarda təqsir yoxdur".

Beləliklə, M. Pezeşkian Azərbaycanla münasibətlərin arzu edilən səviyyədə olmamasının məsuliyyətinin İran tərəfinin üzərində olduğunu birmənalı şəkildə bəyan edib və indiyə qədər nəinki heç bir İran prezidentinin, hətta hansısa İran rəsmisinin etiraf etmədiyi bir həqiqəti dilə gətirib.

Əminliklə söyləmək olar ki, həmin həqiqət Azərbaycan-İran münasibətlərinin son 35 illik tarixinin obyektiv və qərəzsiz təhlili ilə təsdiqlənir. O da önəmlidir ki, Məsud Pezeşkian Azərbaycan-İran münasibətlərini ölkəsindəki anti-Azərbaycan dairələrin "sevimli" mövzusu və başlıca "istinad nöqtəsi" olan Azərbaycan-İsrail əlaqələri ilə müqayisə kontekstində dəyərləndirib və mahiyyət etibarilə bu zəmində Azərbaycana ünvanlanan ittihamların yersiz və əsassız olduğunu ifadə edib.

Seçilən
6
1
qaziler.az

2Mənbələr