ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Azərbaycan qazı üçün dünyada rəqabət artır, Azərbaycan qazının diversifikasiyası üçün imkanlar genişlənir. Azərbaycan təkcə Avropa bazarına deyil, Yaxın Şərq ölkələrinə də öz qazını ixrac edir. Azərbaycan bu günə kimi 12 Avropa ölkəsinə qaz ixrac edir, bu gün isə Azərbaycan üçün yeni coğrafiya formalaşır - Yaxın Şərq. Suriya həm özü Azərbaycan qazını idxal edə bilər, həmçinin tranzit ölkə rolunu oynaya bilər. Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası mümkündür. Bu da Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması perspektivini vəd edir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının üzvü Nigar Məmmədova Oxu.Az-a açıqlamasında deyib ki, sabahdan etibarən Türkiyə ərazisi vasitəsilə Suriyaya nəql ediləcək Azərbaycan təbii qazı sayəsində beş milyon evin ehtiyacını təmin etmək mümkün olacaq:
"Suriya Azərbaycandan 3.4 milyon kubmetr qaz almağa başlayacaq. Azərbaycandan təbii qazın tədarükü sayəsində Suriya əhalisi sutkada 10 saat elektrik enerjisi ilə təmin olunacaq. Bu vaxta qədər cəmi üç-dörd saat işıqlandırmadan söhbət gedirdi. Türkiyə ilə Suriya arasında zədələnmiş qaz kəməri mayın sonunda bərpa edilib və bu, qonşu ölkəyə ildə iki milyard kubmetrə qədər qaz nəql etməyə imkan verir. Beləliklə, Azərbaycanla Suriya arasında münasibətlərdə yeni dövrün başlandığını deyə bilərik".
"Tarixən Azərbaycanla Suriya arasında yaxşı əlaqələr olsa da, Əsəd rejimi onların inkişafına imkan vermirdi. Suriyada hakimiyyət dəyişikliyindən sonra Azərbaycan bu ölkənin ərazi bütövlüyünə, suverenliyinə dəstəyini ifadə etdi. Bakı-Dəməşq əlaqələri, eyni zamanda, Azərbaycanın Yaxın Şərq siyasətinin bir hissəsidir.
İkitərəfli münasibətlərdə yeni istiqamət Azərbaycan qazının Suriya bazarına çıxarılmasıdır. Suriya prezidentinin ötən ay ölkəmizə səfəri zamanı bu məsələ də müzakirə olunan mövzular sırasında idi. Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi, Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz artıq Yaxın Şərq regionunda da etibarlı tərəfdaş kimi tanımır. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Dövlət başçımızın da söylədiyi kimi, bu göstəriciyə görə biz dünyada ön sıralardayıq. Artıq Azərbaycan üçün yeni coğrafiya formalaşır - Aralıq dənizi və Yaxın Şərqə çıxışı olan Suriya Azərbaycan qazını idxal etməklə yanaşı, həmçinin tranzit ölkə rolunu oynaya bilər", - deyə deputat vurğulayıb.
Parlamentari əlavə edib ki, artıq Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri bərpa edilib, bu da Azərbaycan qazının Suriyadan keçməklə Misirə, İordaniya qədər çatdırılması perspektivini vəd edir:
"Eyni zamanda, Azərbaycanın elektrik enerjisi istehsalı üçün yeni imkanlar açılır. Belə ki, Azərbaycan Yaxın Şərq regionuna da elektrik enerjisi ixrac edə bilər. Beləliklə, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 13-ə çatır. İxrac coğrafiyasının genişlənməsi Azərbaycanın nüfuzunun və enerji diplomatiyasının gücləndiyini göstərir".
Mərahim Nəsib
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.