AZ

Deputat: Zatulin hər zaman təcavüzkarın mövqeyini müdafiə edib

Azərbaycan öz tərəfdaşları ilə hər zaman sabit və etibarlı münasibətlər qurmağa çalışıb.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Soltan Məmmədov deyib ki, təəssüf ki, bəzi ölkələr eyni prinsipləri gözləməkdə maraqlı deyillər və Rusiyada Azərbaycan əleyhinə aparılan kampaniya məhz bu prizmadan qiymətləndirilməlidir.

Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və Həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycanla bağlı təxribatçı açıqlamalarına toxunan Soltan Məmmədov qeyd edib ki, Rusiyanın bir çox siyasətçilərinin, parlament üzvlərinin qeyri-obyektiv və qərəzli açıqlamaları etimadın bərpa olunmasına xidmət etmir: “Konstantin Zatulin həmişə olduğu kimi Azərbaycanı öz qərəzli təfəkkürünün hədəfi seçməyə çalışır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı dövrdə hər zaman təcavüzkarın mövqeyini müdafiə edib. Qarabağ işğal altında olduğu müddətdə Azərbaycan ərazilərinə dəfələrlə qanunsuz səfərlər edib”.

Deputat vuğulayıb ki, Xankəndi şəhərində İvan Ayvazovskinin heykəlinin sökülməsinə emosional tonda münasibət bildirən Zatulin 30 ilə yaxın müddətdə Azərbaycanın mədəniyyət abidələrinə qarşı vəhşikliklərə sükutla yanaşıb. Eyni zamanda xalqımızın məruz qaldığı terror və soyqırımı aktlarını görməzdən gəlib: “Zatulinin yeganə məqsədi Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır. Elə buna görə də müxtəlif üsullarla ölkəmizi guya tənqid etməyə çalışır. Biz əlbəttə ki, ondan özümüzə qarşı ədalətli, qərəzsiz münasibət gözləmirik, Azərbaycan cəmiyyəti o qədər sadəlövh deyil. Lakin bizim öz ərazilərimizdə istənilən məsələ ilə bağlı müstəqil qərar qəbul etmək hüququmuz var. Kimliyindən asılı olmayaraq, hər kəs bu hüquqa hörmətlə yanaşmalıdır. Ayvazovskinin heykəli Azərbaycan hökumətinin, müvafiq dövlət qurumlarının qərarı ilə inşa edilməyib, ona görə də onun götürülməsi sadəcə qanunsuz bir fəaliyyətin aradan qaldırılması kimi qəbul edilməlidir”.

Soltan Məmmədov bildirib ki, Zatulin Azərbaycanı hədəf seçməklə kifayətlənmir, eyni zamanda ölkəmizin haqlı mövqeyini müdafiə edən şəxslər haqqında da təhdid xarakterli bəyanatlar, açıqlamalar verir. Onun Rusiyada başaldılan anti-Azərbaycan kampaniyası fonunda politoloq Sergey Markov haqqında söylədiyi fikirlər bir daha təsdiq edir ki, Zatulin qərəzli mövqedən çıxış edir: “Sergey Markovun Azərbaycan Prezidenti haqqında Xankəndidə keçirilmiş Qlobal Media Forumunda söylədiyi müsbət fikirlər və Azərbaycanı Qafqazın lider dövləti kimi təqdim etməsi sadəcə mövcud reallıqların ifadəsidir. Faktı, həqiqəti söyləmək üçün kiminsə tərəfində olmağa ehtiyac yoxdur. Görünür, Konstantin Zatulin bu sadə həqiqəti ya anlamır yaxud da anlamaq istəmir”.

Seçilən
36
1
apa.az

2Mənbələr