AZ

Ana dilinə sevgi ailədən başlanmalıdır Ceyhun Məmmədov

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

"Bu gün cəmiyyətimizdə ana dilinə olan sevgi və bağlılığın gücləndirilməsinə ciddi ehtiyac var. Bu məsələ təkcə dil bilikləri ilə bağlı deyil, həm də milli kimliyimizin, tarixi yaddaşımızın və mədəni varlığımızın qorunması baxımından olduqca vacibdir. Bu səbəbdən də maarifləndirmə işləri geniş miqyasda və çoxşaxəli şəkildə aparılmalıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov ana dilinə olan marağı necə artırmalı olduğumuzdan danışarkən bildirdi.

"İlk növbədə, ana dilinə sevgi ailədən başlamalıdır. Valideynlər övladlarına sadəcə dil öyrətməməli, onları bu dilin ruhu, tarixi və incəlikləri ilə tanış etməlidirlər. Ana dili ilə qurulan bağ uşağın dünyagörüşünü formalaşdırmaqda, milli-mənəvi dəyərlərlə böyüməsində böyük rol oynayır.

Bununla yanaşı, orta məktəblərimizdə və ali təhsil müəssisələrimizdə də Azərbaycan dilinə yanaşma təkcə fənn səviyyəsində qalmamalı, eyni zamanda bu dilin zənginliyi və dəyəri gənclərə aşılana bilməlidir. Müəllimlər, pedaqoqlar bu məsuliyyəti dərk etməli və tədris prosesində ana dilinə sevgi hissini formalaşdıracaq yanaşmalar tətbiq etməlidirlər.

Medialar, xüsusilə televiziya kanalları da bu prosesin ayrılmaz bir hissəsidir. Televiziyada yayımlanan verilişlər, filmlər və proqramlar həm dilin saflığını qorumalı, həm də onun zənginliklərini təbliğ etməlidir. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün yeni nəsil arasında Azərbaycan dilinə olan maraq tədricən azalır. Bəzi gənclər rus və ya ingilis dilində danışmağı üstün tuturlar".

Deputat qeyd etdi ki, uşaqlarımız fikirlərini öz ana dillərində düzgün və sərbəst ifadə etməkdə çətinlik çəkirlər.

"Bu, sadəcə bir dil problemi deyil, bu, milli kimliyimizin zəifləməsi təhlükəsidir. Ona görə də biz bu məsələyə çox ciddi və məsuliyyətlə yanaşmalıyıq. Ana dilimizə sahib çıxmaq  milli irsimizə, dövlətçiliyimizə və gələcəyimizə sahib çıxmaq deməkdir. Bu istiqamətdə həm dövlət orqanlarının, həm təhsil müəssisələrinin, həm də ictimaiyyətin birgə fəaliyyəti zəruridir. Ana dilinin qorunması və sevdirilməsi üçün davamlı və sistemli işlər aparılmalı, bu mövzu cəmiyyətin gündəminə daim gətirilməlidir", - deyə Ceyhun Məmmədov bildirdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
redaktor.az

2Mənbələr