AZ

Nazir: Kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən olunub

Bakı, 1 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən olunub. Son illərdə bu sahədə həyata keçirilən sistemli islahatlar, innovativ texnologiyaların tətbiqi, müasir infrastrukturun qurulması və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi kənd təsərrüfatının dayanıqlı və rəqabətədavamlı inkişafına ciddi stimul verib. Bu istiqamətdə əldə olunan uğurlar həm ölkənin ərzaq təhlükəsizliyi baxımından, həm də regionların sosial-iqtisadi dirçəlişi baxımından mühüm strateji önəm daşıyır.

AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri ilə görüş və mükafatlandırma mərasimində deyib.

Nazir qeyd edib ki, dövlətimizin başçısının aqrar sahəyə göstərdiyi xüsusi diqqət və qayğı bizim fəaliyyətimizin daha məqsədyönlü və kompleks yanaşma əsasında qurulmasını şərtləndirir. Aqrar sektorun uğurlu inkişafı yalnız maddi-texniki baza ilə deyil, eyni zamanda, bu sahədə çalışan savadlı, bacarıqlı və yüksək məsuliyyət hissinə malik kadrlarla mümkündür. Bu səbəbdən də kənd təsərrüfatında insan kapitalının gücləndirilməsi, idarəetmə qabiliyyəti olan peşəkarların aşkarlanması və inkişafının dəstəklənməsi xüsusi aktuallıq kəsb edir: “Bildiyiniz kimi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Yüksəliş” İctimai Birliyi ilə birgə nazirlik sistemində fəaliyyət göstərən əməkdaşlarımız üçün “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqə uğurla həyata keçirilib. Proqramın əsas məqsədi kənd təsərrüfatında çalışan, yüksək intellektual səviyyəyə və idarəetmə qabiliyyətinə malik şəxsləri müəyyənləşdirmək, onların peşəkar inkişafını dəstəkləmək və gələcək üçün dayanıqlı kadr bazasını formalaşdırmaqdır. “Üfüq” bizim üçün sadəcə bir proqram yox, aqrar sektorun müasir kadr siyasətinin təməlini qoyan bir addımdır. “Üfüq” proqramı adına uyğun olaraq, yeniliklərə açılan qapı, fərqli düşüncə tərzi və inkişaf üçün yeni perspektivlər təqdim edir. Müsabiqənin bütün mərhələləri — ilkin qeydiyyatdan başlayaraq finala qədər — şəffaflıq və obyektivlik prinsipləri əsasında təşkil olunub. Bu prosesə “Yüksəliş” müsabiqəsinin peşəkar təşkilati heyətinin cəlb olunması, onların uzun illər ərzində formalaşmış qiymətləndirmə bacarıqları və metodoloji dəstəyi “Üfüq” proqramının keyfiyyətinə mühüm töhfə verib”.

Nazir diqqətə çatdırıb ki, bu gün artıq “Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi uğurla başa çatıb və 30 qalib müəyyən olunub. Bu nəticə onların hər birinin yüksək peşəkarlığının, liderlik potensialının və gələcək məsuliyyətlərə hazırlığının bariz göstəricisidir. Onların qalibiyyəti yalnız bu günə qədər olan nailiyyətlərinin göstəricisi deyil, eyni zamanda, peşəkar inkişaf yolunda yeni və daha geniş imkanların başlanğıcıdır. “Üfüq” proqramı ilə əldə edilən uğur qalibləri daha böyük hədəflərə doğru inamla irəliləmək üçün möhkəm zəmin yaradır: “Qarşıda sizi fərdi inkişaf təlimləri, kouçinq sessiyaları, komanda quruculuğu tədbirləri və təcrübəli mentorlarla əməkdaşlıq imkanları gözləyir. Bu mərhələlər sizə öz potensialınızı daha da üzə çıxarmaq, idarəetmə bacarıqlarınızı təkmilləşdirmək və gələcək karyeranızda uğur qazanmaq üçün geniş şərait yaradacaq”.

Seçilən
37
2
azertag.az

4Mənbələr